“Cəmil Həsənliyə heç öz qohumları səs verməyiblər” - “Kaspi” qəzeti

11 Oktyabr 2013 15:55 (UTC+04:00)
"Kaspi" qəzetində Azərbaycanda keçirilən seçkilərlə bağlı yazı dərc edilib. Yazıda Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Cəmil Həsənlinin yaxın adamlarının ona səs vermədiyi iddia olunur.

Həmin yazını təqdim edirik: "9 oktyabr prezident seçkiləri bütün ölkədə görünməmiş seçici fəallığı ilə müşayiət olunub. Bu fakt demək olar ki, bütün beynəlxalq müşahidəçilərin hesabatında öz əksini tapıb. İnsanların öz siyasi iradəsini sərbəst və şəffaf şəkildə ifadə etməsi üçün ölkəboyu məntəqələrdə normal şərait yaradılmışdı. Seçici fəallığı tək paytaxtda deyil, habelə kənd və qəsəbələrdə də özünü göstərib.

Vətəndaşların fəal şəkildə seçimlərini etdiyi bölgələrdən biri isə Cəlilabad rayonu və xüsusən də Alar kəndi olub. Xatırladaq ki, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin doğulduğu bu kənddə 3 seçki məntəqəsinə səhər saatlarından seçici axını müşahidə olunub. Hətta Milli Şuranın öz müşahidəçiləri belə etiraf ediblər ki, günün birinci yarısında məntəqələrin qarşısında növbələr yaranıbmış. Xüsusi vurğulanmalıdır ki, hər hansı insident və ya xoşagəlməz hal qeydə alınmayıb. Məsələn, 1 saylı məntəqədə Cəmil Həsənlinin müşahidəçisi olan Zahid Əzimov musavat.com-a bildirib ki, səhər saat 10-a olan nəticələrə görə, 285 nəfər seçici artıq səs verib. Bu məntəqədə 1415 seçici qeydiyyatdadır.

2 saylı məntəqədə isə C.Həsənlinin müşahidəçisi olan İlham Dadaşov isə deyib ki, seçici fəallığı yüksəkdir, qanun pozuntusu qeydə alınmayıb: "Qeydiyyatda olan 1000 seçicidən 968 nəfər artıq seçkidə iştirak edib". Aldığımız məlumata görə adıçəkilən şəxs tək Həsənlinin müşahidəçisi yox, həm də yaxın qohumudur və ölkə başçısına səs verib.

Bir sözlə Alar kəndində yerləşən bütün məntəqələrdə seçici fəallığı yüksək olmuş və hər bir seçici istədiyi namizədə səs verib".


AzNews.az