Prokurorluqdan Milli Şuraya mitinqlə bağlı xəbərdarlıq

11 Oktyabr 2013 16:21 (UTC+04:00)
Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyev Milli Şuranın sabah keçirəcəyi mitinqlə əlaqədar aksiyanın təşkilatçıları Mustafa Hacıbəyli və Rafiq Daşdəmirova xəbərdarlıq edib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, F. Həsənəliyev Bakı şəhər İcra Hakimiyyətinin sabah saat 16.00-dan 18.00-dək Bakı şəhəri, Yasamal rayonu, M. Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman Kompleksinin Stadionunda prezident seçkilərində prezidentliyə namizəd kimi iştirak edən Cəmil Həsənlinin seçkilərin nəticələri ilə əlaqədar seçicilərlə görüş keçirilməsi üçün icazə verdiyini xatırladaraq, həmin icazədə toplantının keçirilməsi zamanı "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun tələblərinə riayət olunmaqla, ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmamasına ciddi nəzarət olunmasının tövsiyə edildiyini qeyd edib.

Mitinqin təşkilatçılarına toplantının keçirilməsi zamanı "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununun tələblərinə riayət olunmamaqla ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin rahatlığını, idarə, müəssisə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı qanunvericiliklə müəyyən edilmiş qaydada qətiyyətlə alınacağı barədə təşkilatçılara xəbərdarlıq edən F. Həsənəliyev bu kimi hərəkətlərin Cinayət Məcəlləsinin 169 (toplantıları keçirmə qaydasını pozma), 220 (kütləvi iğtişaş) və 233-cü (ictimai qaydanın pozuntusuna səbəb olan hərəkətləri təşkil etmə) maddələri ilə məsuliyyət yaratdığını onların nəzərinə çatdırıb: "Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış ərazidə və vaxtda toplantının keçirilməsi zamanı "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun tələblərinə riayət olunmamaqla ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin rahatlığını, idarə, müəssisə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı qanunvericiliklə müəyyən edilmiş qaydada alınmaqla, kütləvi aksiyanın təşkilatçıları haqqında qanunda nəzərdə tutulmuş müvafiq təsir tədbirləri görüləcək".

AzNews.az