Bizi barmağına dolamış Xalid Hüseyni

12 Oktyabr 2013 08:50 (UTC+04:00)
Payızda istirahət günləri üçün ən yaxşı seçim kitabdır.

Pəncərə önündə, küləyin qamçısı ilə sağa-sola yırğalanan söyüdlərə tamaşa edə-edə kitab oxumaq istəyim bu dəfə alınmadı.

TV-ni açdım və Rusiya kanallarının birində "Da Vinçinin kodu"na baxdım.
Mütaliə etmədiyim kitabın ekran fərziyyəsi məni tam məyus etdi. Budurmu şanı dillərə sığmayan Den Braun?!

Məyusluğumun dərəcəsi elə də böyük deyildi. Den Braunun əsərlərini bütünlüklə boykot etsəm də, hər halda məzmunlarını azacıq bilirdim. Amma ekran qiraəti məni bir daha özümə məxsus bu fikrə qaytardı ki, hazırda Qərbdə daha çox reklam edilən hər məşhur yazıçı – sıradan bir müəllif, hər təriflənən əsər – bəsit cızma-qaradır. Əyani nümunə Den Braun...

İki il əvvəl Umberto Ekonun "Fuko kəfkiri"ni də əlimə eyni hisslə götürmüşdüm. Demək olar ki, gözucu baxdım. Xalis mason mətni!
Mübahisəli səslənə bilər, amma mənim aləmimdə Xalid Hüseyni də ədəbiyyat nəhəngi deyil. Mənim kimi onun "Çərpələng uçuran"ına valehliklə oxumağa başlayıb sonda məyus olan azmı adam var?

Diktəli nəsr! Mən buna belə ad verərdim. Çünki uşaqlıq xatirələrinin sehrini dağıdan siyasi sifariş eynəksiz də görünür. Əslində, Xalid Hüseyni kimi yazarların necə şöhrətləndiyinə "gözümüzü qismən açan" elə "Çərpələng uçuran"ın tərcüməçisi Xədicə İsmayıl oldu. "Praqada əfqan həmkarlarımı gördüm. Soruşdum "Xalid Hüseyninin kitabları Əfqanıstanda hansı tirajla satılır". Sualıma mat qaldılar doğrusu. Demə, dünya bestselleri, mənim azərbaycancaya tərcümə etdiyim "Çərpələng uçuran"ı puştu dilinə heç tərcümə də eləməyiblər. Fars dilinə bir tərcüməsini "samizdat" üsulu ilə çap ediblər, o da boykot olunub". Daha sonra: "O Əfqanıstana gələndə Amerika səfirliyində yaşayır, küçəyə çıxanda üzünü dəyişdirir çıxır ki, küçədə tanıyan olmasın. Təsəvvür edin ki, yazıçının qanına susayan təkcə puştular deyil, həm də dərdini anlatdığı həzaralardır. İnciyiblər ki, niyə bizim zorlandığımızı qələmə alırsan. Bir sözlə, vətənində peyğəmbər olan yoxdur. İngiliscə, bacarsanız ispanca yazın..." – Bunu Xədicə İsmayılın (yeri gəlmişkən, "Çərpələng uçuran"la onun həm də peşəkar tərcüməsi olduğuna şahid oldum) yazıb...

Söz düşmüşkən, Xalid Hüseyninin mənfi qəhrəmanı da mənə heç inandırıcı görünmədi. Anası alman və uşaqlıqda "Mayn kampf" mütaliə etmiş azyaşlı "nasist"in yetkinləşdikdə qəddar talibançıya dönüşünə yalnız maymaqlar inana bilər! Əgər Adolf Hitleri mütaliə etmiş sonda – faşist olsaydı, onda elə həmin məntiqlə Xalid Hüseynini də mütaliə edən hər bir oxucu mütləq çərpələng uçuran-antitalibançı-amerikapərəst olmalıydı...

Bax sizə deyirəm, bu Xalid Hüseyni bizi barmağına dolayıb!..
Uzun sözün qısası, ötən həftə, istirahət günləri kitabsız qaldım. Amma yaxşı ki, flaş-kartımda Məcid Məcidinin "Söyüdün göz yaşı" filmi vardı. Baxdım, kor filoloq, Şəms Təbrizi-Cəlaləddin Rumi poeziyası, zülmətdən işıqlı dünyaya çıxan insanın keçirtdiyi duyğular, nəfsin doğma adamlara minnətdarlıq hissi üzərində qələbəsi, şəhvətə əsarət və... sonda yenidən korluğa qayıdış.

Filmin axırında Brayl əlifbası ilə Allaha yazdığı məktubu taparaq yenidən duasını təkrarlayan insanın tövbə anı: "İlahi, mənə daha bir şans ver!.."
Pəncərylə üz-üzə oturmuşdum. Çöldə küləyin qamçıladığı söyüdlər sağa-sola yırğalanırdı, yarpaqlardan narın yağış damcıları süzülürdü... Elə mənim də gözlərimdən.

AzNews.az