Şəhər meri: “Sizi görüm cəhənnəmdə yanasız!”

12 Oktyabr 2013 13:59 (UTC+04:00)
Rusiyanın Sverdlovsk vilayətində Zareçnı şəhərinin meri Vasili Lanskixin çıxışından sonra qalmaqal baş verib.

Şəhər rəisi yol hərəkəti qaydalarını pozanlara videomüraciət edərək onların dənizdə batmasını və cəhənnəmdə yanmasını diləyib.

Lanskix çıxışında qeyd edib ki, son vaxtlar şəhərdə əvvəlkindən fərqli olaraq yol-nəqliyyat hadisələri çoxalıb.

"…Zareçninin yollarında qayğısız getdiyimiz vaxtlar artıq arxada qaldı. Biz məsuliyyətsiz sürücülərə müraciət edirik… Əgər siz küçələrdə sərxoş vəziyyətdə şütüyərək özünüzü öldürmək istəyirsinizsə, yaxşı olar ki, gedib özünüzü atasınız suya, dəniz yaxındadır", - deyə mer bildirib.

O qeyd edib ki, qoçaqlar qəzanın bilavasitə günahkarı olmaqla yanaşı, yol-nəqliyyat hadisəsinə təhrik də edə bilərlər.

"Bu sadəcə məsuliyyətsizlik və cinayət deyil, bu əclaflıqdır və buna görə siz həm bu dünyada, həm də cəhənnəmdə yanmalısınız!", - deyə Zareçni şəhərinin meri bildirib.

Mer həmçinin yolu nəzərdə tutulan yerdən keçmək istəməyən "məsuliyyətsiz piyadalar"a da müraciət edib.

"On addım o tərəfdən keçmək sizin üçün çətindi? Yoxsa siz də özünüzü öldürmək istəyirsiniz? Elədirsə, gedin atın özünüzü dənizə, sərxoş qoçaqlarla birgə boğulun orada", - deyə Lanskix bildirib.

Müraciətdən sonra şəhər merinə töhmət verilib.(gun.az)

AzNews.az