Lənkəranda yaşıl çay yarpağı yığımının son mərhələsi başlayıb

12 Oktyabr 2013 18:38 (UTC+04:00)
Lənkəranda yaşıl çay yarpağı yığımının son mərhələsi başlayıb. APA-nın cənub bürosunun məlumatına görə, yerli çaybecərənlər bu il məhsulun bol olmasını və sayca 10-cu dəfə yığım prosesinin həyata keçirilməsini plantasiyalarda tətbiq olunan düzgün aqrotexniki qulluğun bəhrəsi kimi dəyərləndirirlər. Son yığım başa çatdıqdan sonra isə çay plantasiyalarını yeni mövsümə hazırlamaq məqsədilə aqrotexniki tədbirlər davam etdiriləcək.

Fermer Rəşid Quliyevin qənaətincə, çay bitkisinin əkildiyi vaxtdan 6-8 il sonra bar verməsini nəzərə alaraq, bu sahəyə uzunmüddətli kreditlərin verilməsi vacibdir. Onun sözlərinə görə, çaybecərənlərin qayğıları bununla bitmir. Bu sahəyə aid mini texnikaların olmaması məhsulun əl əməyi vasitəsilə yığılması zərurətini yaradır, bu isə məhsul yığımının gecikməsinə və əlavə vəsaitin xərclənməsinə səbəb olur: "Bölgəmizdəki təsərrüfatların əksəriyyəti kiçik torpaq sahələrinə malikdir. Odur ki, onlarda iri tutumlu, həcmli texnikanı işlətməyə ehtiyac yoxdur. Bizim üçün daha münasib kiçik ölçülü mini traktorların olmasına tələbat var. Eyni zamanda, bölgədə mövcud olan təsərrüfatlarda müasir tələblərə cavab verən və iqtisadi baxımdan daha sərfəli olan suvarma sistemlərinin qurulmasına da ciddi ehtiyac var. Digər problemlərdən biri də bölgədəki emal müəssisələrində texnika və avadanlıqların yeni, daha modern avadanlıqlarla əvəz olunması ilə bağlıdır. Emal müəssisələri üçün gələcəkdə müəyyən imtiyazların tətbiq olunması da çayçılığın dirçəldilməsinə xidmət edəcək".

Lənkəran Şəhər İcra Hakimiyyətindən isə çayçılıqla məşğul olan fermerlərin problemlərindən xəbərdar olduqlarını bildiriblər. ŞİH-nin aqrar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Hikmət Gözəlovin verdiyi məlumata görə, artıq texnika problemi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə və "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə müraciət olunub. Yaxın zamanlarda müəyyən texnikanın ölkəyə gətirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, hazırda alıcılara yerli çayın 4 növü təklif olunur. Növündən asılı olaraq çayların 1 kiloqramının qiyməti 20-50 manat arasında dəyişir.


AzNews.az