Lənkəran teatrında premyera olub - FOTO

12 Oktyabr 2013 20:39 (UTC+04:00)
Oktyabrın 12-də Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında italyan dramaturqu Aldo Nikolainin "Dəmir sinif" tamaşasının premyerası olub. APA-nın Cənub bürosunun məlumatına görə, teatrın baş rejissoru Tural Mustafayevin quruluş verdiyi bu səhnə əsərində insanların ahıl yaşlarında yaşamağa məhkum olduqları tənhalıqdan söhbət açılır. Tənhalığın insan həyatına gətirdiyi depressiya, dəhşətli anlar, arzuolunmaz həqiqətlər tamaşada qabarıq plana çəkilir. Bir sıra səbəblərdən qoca yaşlarında doğmaları tərəfindən diqqətdən kənarda qalan, atılan, tərk edilən, son nəticədə isə qocalar evində məskunlaşan üç ahıl qocanın həyat hekayəsini göz yaşları axıtmadan izləmək qeyri-mümkündür. Tamaşaçılar hər üç qocanın həyatın onlara bəxş etdiyi tənhalıq, kimsəsizlik adlanan girdabından çıxmaq üçün necə mübarizə aparmalarının şahidi olurlar. Əsərin səhnə tərtibatı rəssam Tərlan Sadıqovun, musiqi tərtibatı Fərahim Qələmoğlunundur. Rolları teatrın tanınmış aktyorları, xalq artistləri Böyükxanım Əliyeva və Qabil Quliyev, əməkdar artist Təvəkkül Əliyev ifa edirlər.

AzNews.az