Tovuz rayonunda zəncirvari qəza baş verib.

13 Oktyabr 2013 20:52 (UTC+04:00)

Tovuz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayon mərkəzi ilə Əlibəyli kəndini birləşdirən yolda baş verib. Zəncirvarı qəzada biri mikroavtobus olmaqla üç avtomobil toqquşub.
Məlumata görə, 43 yaşlı Əlibəyli kənd sakini, Nəbi Abdullayevin yüksək sürətlə idarə etdiyi "VAZ-21011" markalı avtomobil həmyaşıdı, Tovuz rayon sakini Azər Həsənovun idarə etdiyi "VAZ-2107" markalı maşınla toqquşub. Zərbənin gücündən "VAZ- 2107" yolun kənarında dayanan "Mercedes" markalı mikroavtobusa da çırpılıb.
Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və sərnişinləri, Əlibəyli kənd sakini 43 yaşlı Leyla Zeynalova və "VAZ 2107"-nin sərnişini Ağstafa rayon Poylu kənd sakini, 22 yaşlı Elmar Yusibov xəsarət alıblar. Onlar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.


AzNews.az