Miqrasiya haqqında qanun layihəsi hazırlanır

14 Oktyabr 2013 10:12 (UTC+04:00)
Rusiya Dövlət Dumasında qeyri-qanuni miqrasiya haqqında qanun layihəsi hazırlanır.

Bunu jurnalistlərə Dumanın "Vahid Rusiya" fraksiyasının rəhbəri Vladimir Vasilyev bildirib. O deyib ki, Dövlət Dumasının komitələri qeyri-qanuni miqrasiya haqqında qanun layihəsi hazırlayır və "Vahid Rusiya" fraksiyası bu çətin vəziyyətdən çıxmaq üçün "yol xəritəsi" təklif etmək niyyətindədir: "Hazırda bu layihənin üzərində işləyirik. Dumanın komitələri bir neçə qanun layihəsi üzərində işləyir. Lakin mövcud vəziyyəti nəzərə alıb, qeyri-qanuni miqrasiya haqqında qanun layihəsinə baxılmasını tezləşdirəcəyik".

Qeyd edək ki, oktyabrın 13-də Moskvanın Brulyova rayonunda yüzlərlə "skinhed" Qafqaz və Orta Asiyadan olan miqrantlara hücum edib. Nəticədə 5 nəfər Orta Asyadan olan miqrant ağır yaralanıb. Skinhedlər "Biryuza" Ticarət Mərkəzinə və meyvə-tərəvəz bazasına hücum edərək mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər yetiriblər.

Rusiya polisi 400 nəfərə yaxın iğtişaş iştirakçısını saxlayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.(apa)

AzNews.az