İqbal Ağazadədən Milli Şuraya sərt ittihamlar: “Var gücünüzlə çalışdınız ki, xalq geri çəkilsin”

14 Oktyabr 2013 15:38 (UTC+04:00)
H. Hacıyevin qorxusundan debatda bir professoru yalnız buraxanlar mənə qəhrəmanlıq dərsi keçməsinlər


İqbal Ağazadə rəhbərlik etdiyi Ümid Partiyası ilə bağlı son günlər səslənən fikirlərə müəllif yazısı ilə münasibət bildirib. AzNews.az həmin yazını təqdim edir:

Seçki bitdi. Deyəsən ən çox qınaq obyektinə çevrilən həm də biz olduq - Ümid Partiyası və mən... Niyə?

Bu sual məni neçə gündür narahat edir. Axı mənimlə savaş açanlar və açmaq istəyənlər nə istəyirlər, nədən narahatdırlar?

Biz Azərbaycan siyasətinə yeni baxış, yeni yanaşma təqdim edirik- bütün vəziyyətlərdə çıxış yolunu dialoqda görürük, barışı tək həll yolu hesab edirik. Neçə ildir bu xətti yorulmadan, usanmadan aparırıq. Azərbaycanın problemlərini də bilirik, ölkədə baş verənləri də görürük, idarəçilikdəki nöqsanları da zaman-zaman deyirik. Heç bir vaxt haqqı nahaqqa verməmişik və uzun illərdi mübarizəmizdə insanları fərqli yola dəvət edirik.

Nədir bu yol? İqtidar və ənənəvi müxalifət qarşıdurma münasibətləri çərçivəsində neçə illərdir mübarizə aparır, mücadilə edir. Hər seçkidən sonra ancaq o seçkinin nəticələrinin ləğvi istiqamətində müxalifət, tanınması istiqamətində iqtidar vuruşur. Nəticələr dəyişmir, insanlar isə əziyyət çəkir. Biz prosesə xalqın gəlməsini istəyirik, siyasiləşmiş elektoratın yox. Siyasiləşmiş elektorat hər iki tərəfdə o qədər azdır ki, ölkənin vəziyyətini dəyişməyə yetmir. Xalq isə ən azı on ildir ki, özünü iqtidar və müxalifətin radikal münasibətlərindən kənarda saxlayır .

Çoxlu obyektiv, subyektiv səbəblər sadalamaq və göstərmək olar. Amma bu səbəblərin heç biri xalqı mübarizənin içinə almaq üçün yetərli deyil. Bax bizim yol budur – xalq prosesdə iştirak etsin. Bunun üçün də xalqı qorxudan, əzən səbəblər və mübarizə metodundan imtina etmişik. Hər vəziyyətdə dialoqu və barışı şərt olaraq irəli sürürük. Hesab edirik ki, radikal mübarizə və hakimiyyətin sərgilədiyi siyasət nəticəsində böyük əksəriyyət siyasətdən və hadisələrdə iştirakdan çəkinir. Elə mübarizə üsulu tapılmalıdır ki, xalq öz sözünü demək üçün ortaya çıxsın. Çıxmayacaqsa bundan fərqli heç nə olmayacaq. Avropaya inteqrasiya etdiyimizi bəyan ediriksə, qarşı tərəfin bizə və siyasətə münasibətlərindən asılı olmayaraq bir kurs ardıcıl və sabit davam etməlidir ki, Azərbaycanda marağı olanlar hakimiyyətlə fərqimizi görsünlər və bu siyasətin dialoq və barış gətirəcəyinə inansınlar.

Düşünməsinlər ki, hakimiyyətin alternativinin yanaşma və baxışları heç nə ilə fərqlənmir. Hər hansı dəyişiklikdən sonra münasibətlər sistemi, idarəetmə daha pis olacaq və ya indikinə oxşayacaq. Formalaşan yeni nəsil düşüncə, təfəkkür etibarı ilə demokratik dünyanın baxışlar sistemini əxz edibsə, mesajlar onlara yönəlik olmalı və prosesə də yeni nəsil cəlb olunmalıdır. Yeni nəslin böyük qismi əks düşüncənin yanında yoxdur. Prosesdə iştirak etmir. Biz bu yolu tutmuşuq-kimin xoşu gəlmirsə, bu yolu getməsin, bizi, məni dəstəkləməsin. Amma XX əsrin əvvəlinə də qayıtmasın. Nə bolşevik yanaşmasıdır bu? Satqın, xain, nə bilim daha nələr..

Satqınçılıq, xəyanət bilirsinizmi nədir? Yolunu, xəttini satmaq. Mən yolumu, xəttimi neçə ildir bu şəkildə davam etdirirəmsə, bəyan edib, kurs götürüb, təşkilat formalaşdırıramsa, istədiyiniz nə? Mən yeni yolun nümayəndəsiyəm, məhz bu yolu seçdiyimə görə ənənəvi müxalifətdən də fərqlənirəm. Siyasət mənim peşəmdir. Siyasətimi də açıq aparıram. Seçki marafonunda da məhz bu mövqeyi sərgilədim, mənə inanan insanlar da mövqeyimi seçdilər, məndən əvvəl.

Əleyhimə yazanların heç biri məni seçməmişdi, onların fərqli seçimi var idi. Hörmətlə qəbul etdim və bu gün də onlara qarşı sayğısız deyiləm. Bəs görəsən məni seçməyən insanlar niyə məndən bu qədər rəncidə olublar? Amma seçki marafonu haqqında da yazmasam doğru olmaz. Milli Şuranın namizədi hörmətli Cəmil müəllim də müsahibələrinin birində əleyhimə bəzi şeylər desə də, keçirəm üzərindən-yaşına, başına görə.

Amma seçkidən mütləq yazacağam. Bu seçkini bərbad edən ənənəvi şüarlar və yanaşma idi. Biz deyirik ki, xalq prosesdə iştirakdan çəkinir. Siz xalqın bu prosesdə iştirak etməsi üçün heç nə etmədiniz. Əksinə, var gücünüzlə çalışdınız ki, xalq geri çəkilsin. Hakimiyyətin pulunun çoxluğunu hər debatda dediniz. Bilirsinizmi ki, bu xalq illər, bəlkə əsirlərdir pulu olanı güclü, qüvvətli, məğlubedilməz bilir və ondan qorxur? Israrla bu faktı qabartmaqla hansı təbəqəni siyasi proseslərin içinə aldınız?

Bəlkə daha çox maraqlı olan üç-beş adam da tərəddüdlə üz-üzə qoydunuz? Xalqı, gəncliyi, dindarları mübarizəyə səsləyən sizlər elə onun ardınca da bu hakimiyyət gəncləri əzir, həbs edir, işgəncə verir, dindarların cibinə narkotik atıb tutur deyəndə fikirləşmədinizmi ki, siyasi durğunluq yaşanan bir məmləkətdə bu əlavə qorxu yaradır, insanlar prosesdən uzaq durmağa çalışır? Yoxsa düşünürsünüz ki, xalq bunları bilmir və sizdən eşidən kimi ortalığa çıxacaq ki, görün bizimlə necə davranırlar?

Beynəlxalq təşkilatlardan dəstək uman bizlər və Azərbaycan xalqı bu təbliğat dönəmində sizdən nə eşitdi ki? Ikili standartla yanaşılır Azərbaycanda demokratiyaya və bəzən demokrtiya enerji siyasətinə qurban verilir- Hakimiyyət ABŞ-la razılaşıb, Avropanı qazla alıb, Putini də Bakıda isti yola saldı. Sizcə xalq bundan heçmi nəticə çıxarmır? Deyirsiniz seçkidə 20% seçici iştirak edib. Bəs onda niyə məhsuliyyəti həm də seçicinin üzərinə qoymursunuz?!

Sizin təbirinizcə seçkidə iştirak etməyən 80% düşünməzmi ki, bizim prosesdə iştirakımıza ehtiyac yoxdur, özlərinin məsələsidir və elə buna görə də həmişə xalq yaxasın kənara çəkir.Onun nəticəsi idi ki, seçki təbliğatında siyasiləşmiş elektoratdan kənar heç kim iştirak etmədi, qorxdumu, çəkindimi, bu barədə mübahisə etməyək. Amma dəqiq olan budur ki, mesaj aldı. Aldı və seçkidən uzaq durdu. Bir neçə kəlmə də məni qınayanların lider seçdikləri haqqında sərt söz deyəcəm. H. Hacıyevin qorxusundan debatda bir professoru yalnız buraxanlar mənə qəhrəmanlıq dərsi keçməsinlər. Cəmil Həsənli mənim namizədim olsaydı ona öz jiletimi geyindirməzdim, ona öz rolunu-ziyalı rolunu ifa etməyə imkan yaradardım.

Təhqir olunan yerə isə özüm gələr, cavablarımı verər, necə davranıldısa adekvat cavab verərdim. Etmədiniz, bir ziyalının necə söyülməsinə, təhqir olmasına sosial şəbəkə səhifələrində cavab verdinizsə, ən yaxşısı susun, fərqli yol seçəni qınamayın. H.Hacıyevin təhqirlərindən özünü qoruya bilməyənlər xalqa müraciətlə "səsini qoru" deyəndə nə qədər səmimi olduqlarının və hansı qarşılığı alacaqlarının fərqindədirlərmi? Bunu da düşünün zəhmət olmasa.

7 seçkidir dalbadal 1995,1998,2000,2003,2005,2009,2010) nəticələrin ləğv olunacağını bəyan edib, enerjili insanları bu istiqamətdə səfərbər olmağa çağırırsınız. Nəticə varmı? Nə qədər səmərəsiz və nəticəsiz mübarizə istiqamətində insanları və onların enerjisini xərcləmək olar? Cəmi üç il əvvəl sizlərə demədimmi parlamenti buraxmaq istiqamətində enerji sərf etməkdənsə, gəlin prezident seçkilərinə hazırlaşaq? Cavabınız o qədər " dahiyanə" oldu ki, bu gün də o cavabdan utanıram. Səkkizinci seçkidir ki, nəticələri yenidən ləğv edəcəyinizi bəyan edirsiniz. Bu yolmu sizcə? Seçkini tanımadığınız görün neçənci dəfədir. Sizin tanımadığımız seçkilərin rəsmi nəticələrinə görə insanlar hakimiyyətinin 21-ci ilinə qədəm qoyublar.

Dünya ilə də, elə AB, AŞPA, ABŞ, Rusiya ilə də münasibətlərini bizdən yaxşı qurublar. Yekun olaraq... Xalq prosesdə olmayacaqsa , biz bu vəziyyəti dəyişə bilməyəciyik. Hakimiyyət çox istəyir ki, xalq prosesə qarışmasın, azsaylı radikal kəsimlə özü üz-üzə qalsın, nəticədə asan qələbə qazansın. Hələlik hakimiyyət udur... Təklif edirəm.. Hakimiyyəti radikal olmağa və xalqı prosesdən kənar saxlamağa qoymayaq, istəməsə belə əl uzadaq, qəbul etməsə belə bir addım yaxına gedək.

Gedək ki, xalq bizi hakimiyyətin yaxınında görsün, inansın, güvənsin. Uğurlar arzulayıb üzərinə məsuliyyət qoyaq ki, düşmən olmayacağımızın anonsunu duysunlar. Daha "biz gələndə filankəslər həbsə gedəcək" –dediyimizə görə daha radikal olmasınlar. Nəhayətdə.. Allah Üzeyir bəyə rəhmət eləsin. "Ey kimsən orda, aç qapını gələk səni öldürək". İlk fitdəcə hamı qaçır... Siyasətlə məşğul olaq, yoxsa Üzeyir bəyin yeni personajı biz olacayıq.

P.S. Yazı oxuyub, nəticə çıxarmaq üçündü, boş-boş şərh və mənasız müzakirələr üçün deyil.

AzNews.az