Elnarə Tofiqqızının ölümünə bais olan həkimlər iş başındadır

15 Oktyabr 2013 16:34 (UTC+04:00)
"Elnarə Tofiqqızının əməliyyatında iştirak edən, Mərkəzi Hərbi Hosbitalın onkologiya şöbəsinin müdiri Mahir Məmmədovun rütbəsi əlindən alınıb, başqa tədbirlər də görüləcək".

Bu sözləri publika.az-a açıqlamasında Hərbi Hosbitalın tibbi hissə üzrə komandirin birinci müavini Şahlar Quliyev deyib.

Ş.Quliyev həkimin iş vaxtı başqa bir xəstəxanada əməliyyatda iştirakına da aydınlıq gətirib. Belə ki, M.Məmmədov xəstəxananın onkoloji şöbəsinin müdiridir. Elnarə Tofiqqızının əməliyyatı sentyabrın 20-də aparılıb ki, bu da iş gününə təsadüf edir.

Demək ki, iş saatında şöbə müdirinin iş başında yox, başqa bir xəstəxanada əməliyyatda olub. Buna necə icazə verildiyinə gəldikdə isə, Ş.Əsgərov M.Məmmədovun həmin vaxt məzuniyyətdə olduğunu dedi:

"Məzuniyyətdə olduğundan, ondan xahiş ediblər əməliyyatda iştirak etsin, o da razılaşıb. M.Məmmədov bundan daha ağır əməliyyatlar aparıb. Bu o qədər də ağır prosedur olmayıb".

Rütbənin aşağı endirilməsinin uyğun cəza olmasına gəldikdə isə, Ş.Məmmədov araşdırmalardan sonra başqa cəzaların da mümkün olacağını dedi:

"Adətən, bir işə görə bir cəza verilir. Bundan başqa, rütbəsinin əlindən alınması ən ağır cəzadır. Zabitin rütbəsinin əlindən alınması, canının alınması kimi bir şeydir. Bununla da onun bütün karyerası bağlandı".

1 saylı Şəhər Kliniki Xəstəxanasının baş həkimin müavini Adil Salahov isə Publika.Az-a açıqlamasında əməliyyatın özəl xəstəxanada aparıldığında cəzanı da onların vermədiyini dedi:

"Bu hal bizim xəstəxanada olduqda müvafiq tədbirlər görülür. Lakin əməliyyat özəl xəstəxanada aparılıb. Iş araşdırılır, yekun qərar verildikdən sonra məlumatlar bizim xəstəxanaya da göndəriləcək.

Bundan sonra isə xəstəxana rəhbərliyinin iştirakı ilə məsələ müzakirə ediləcək, müəyyən qərar veriləcək. Hazırda F.İbrahimov iş fəaliyyətini davam etdirir".

A.Salahov onu da bildirdi ki, Firuz İbrahimovun 1 saylı Şəhər Kliniki Xəstəxanasında işi bitəndən sonra "MediSina" da işləyib. Buna görə də, orada əməliyyatda iştirak etməsində qanunsuz hal yoxdur.

E.Tofiqqızının əməliyyatında iştirak edən həkimlərdən biri Fərəculla İdrisov M.A.Topçubaşov adına Klinik Cərrahiyə Elmi-Tədqiqat İnstitutunda çalışır. Axar.az saytının əməkdaşının araşdırması nəticəsində bəlli olub ki,həkimin hadisədən sonra da klinikada iş başındadır. Xəstəxananın baş həkimi Yusif Əliyev məsələ ilə bağlı bildirib ki, iş yekunlaşdırılmadan onu vəzifəsindən uzaqlaşdırmaq düzgün deyil.

"Fərəculla İdrisov klinikamızın həkimi sayılır və hal-hazırda da peşə fəaliyyətini yerinə yetirir. İstintaq hələ yekunlaşmayıb".

"Bəs İdrisovun vəzifə səlahiyyətlərini yerinə yetirməsi gələcək ölümlərə yol aça bilərmi" sualını Yusif Əliyev dedi ki, xeyr, çünki o, həmin əməliyyatda asissent kimi iştirak etmişdi, cərrah kimi yox. Düzdür, ölüm hadisəsi onun iştirak etdiyi əməliyyatda baş verib, amma biz onu işdən kənarlaşdırmamışıq". Klinikanın baş həkimi həmçinin əməkdaşımızın iş zamanı Fərəculla İdrisovun hansı hüquqla özəl klinikada əməliyyatda iştirakı haqqında sualına da cavab verdi: "O, sentyabrın 19-u növbətçi həkim idi. Buna görə də sentyabrın 20-si onun istirahət günü sayılırdı. Hara gedir, harda əməliyyat keçirir, özü bilər, onun bizə aidiyyəti yoxdur". Yusif Əliyevin son cavabı nə qədər qətiyyətli olsa da, faktlarla təsdiqlənmirdi.

Çünki Fərəculla İdrisov "Medi Sina" klinikasına əməliyyat üçün səhər saatlarında M.A.Topçubaşov adına Klinik Cərrahiyə Elmi-Tədqiqat İnstitutundan gəlmişdi. O, əməliyyatdan dərhal sonra iş yerinə qayıtmalı idi. Klinikanın işçilərinin dedikləri də baş həkimin söylədiyi ilə üst-üstə düşmür. Qəbul şöbəsindəki həkimlərdən öyrəndik ki, klinikada növbədən sonra istirahət-filan olmur.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirdilər ki, məsələ ilə əlaqədar Baş prokurorluqdan məsələnin araşdırılması üçün nazirliyə müraciət daxil olub. Səhiyyə Nazirliyi əməliyyat tarixçəsi, həyata keçirilən proseduralar barədə "MediSina" Tibb Mərkəzinə müraciət edilib. Lakin hələ ki, klinika göndərilən sorğuya cavab verməyib. Bu barədə məlumatlar nazirliyə daxil olandan sonra məsələ araşdırılacaq.

Nazirlikdən onu da bildirdilər ki, dövlət xəstəxanasında çalışan həkimlərin özəl xəstəxanada əməliyyat etməsinə məhdudiyyət yoxdur.

"Əsas məqam həmin özəl xəstəxananın bu proseduralar üçün uyğun icazəsinin olmasıdır".

Özəl xəstəxanalarda onkoloji xəstliklərin əməliyyat edilməsinə icazə verilmədiyindən "MediSina" klinikasına qarşı hər hansı tədbirlərin görülməsinə gəldikdə isə, nazirlikdən bu barədə də araşdırmanın aparıldığını dedilər:

"Özəl xəstəxanalara qarşı bu cür məhdudiyyət var. Amma "MediSina" da aparılan əməliyyatın onkoloji olması araşdırılacaq. Faktlar təsdiqləndikdən sonra həkimlərə və klinikaya qarşı uyğun cəzalar müəyyən ediləcək".

Xatırladaq ki, jurnalist Anar Niftəliyevin həyat yoldaşı tənqidçi Elnarə Tofiqqızı sentyabrın 20-də "Medi Sina" klinikasında süd vəzilərindəki səpkilərlə bağlı əməliyyata hazırlıq zamanı həkimlərin səhlənkarlığı nəticəsində dünyasını dəyişib.

Bu hadisədən sonra Nəsimi Rayon Prokurorluğunda 1977-ci il təvəllüdlü Elnarə Niftəliyevanın ölümü ilə bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

AzNews.az