Edamdan sağ çıxdı, amma əfv edilmədi

16 Oktyabr 2013 20:07 (UTC+04:00)
İranda narkotik alverinə görə ölümə məhkum edilmiş 37 yaşlı kişi asıldıqdan sonra sağ qala bilib. Musavat.com-un yerli telekanallardan birinin saytına istinadla verdiyi xəbərə görə, bununla belə, qohumların sevinci uzun çəkməyib - ənənəyə zidd olaraq (yüz illik ənənəyə görə, edamdan sağ çıxmış adan əfv edilir) məhkəmə hökmün sona çatdırılmasında təkid edir.

Qeyd edək ki, hökm İranın şimal-şərqindəki Bocnord şəhərində oktyabrın 9-da icra edilib. Məhkumun öldüyünü türmə həkimləri təsdiqləyib. Bundan sonra o, morqa göndərilib. Bir gün sonra cəsəd üçün gələn qohumları onda həyat əlamətləri müşahidə ediblər. Onu dərhal xəstəxananın intensiv terapiya şöbəsinə göndəriblər. Həkimlərin dediyinə görə, məhkum sürətlə sağalmağa doğru gedir.

İran hökumətinin qərarı hüquq müdafiəçilərinin narazılığına səbəb olub. "Human Rights Watch" dünya birliyini təkrar edamın qarşısını almağa çağırıb.

Bu il İranda 560-dan çox insan edam edilib.


AzNews.az