Orxan azərbaycanlı olmasaydı...

17 Oktyabr 2013 10:51 (UTC+04:00)
Son hadisəyə - Moskva şəhərində Orxan Zeynalovun törətdiyi qətlə hərə bir cür don geyindirir. Bəzi şərhçilər bu hadisənin Azərbaycanla Rusiya arasında iğtişaş yaratmaq üçün qəsdən törədildiyini, bəziləri bədbəxt hadisə, bəziləri oradakı soydaşlarımıza olan haqsızlığa etiraz və s. kimi qiymətləndirir. Bütün bunlar öz yerində. Məsələnin başqa tərəfindən danışmaq istəyirəm.

Çoxları Rusiyadan gəlib burada ev-eşik tikənlərə, xarici maşın sürənlərə, əyin-başı yerində olanlara çəp-çəp baxır, bəxtəvərlik yağdırır, "halallıqla bu qədər qazanammaz" və. s. deyir. Doğrudur, haram yolla da orada qazananımız az deyil. Bu barədə danışmayacam.

Mən Rusiyada yaşamış və bu gün də orayla sıx əlaqəsi olan biriyəm. Oradakı həmyerlilərimin necə qazandığının da şahidiyəm.

Rusiyadakı iş adamının bircə gününə nəzər salaq: Səhər hava işıqlaşmadan oyanır (məs. Sant-Peterburqda yay aylarında səhər gecəyarı açılır). Yarıyuxulu və ac-susuz evdən çıxır. İqlimi də nəzərə alın. O iqlim tipi ki, Azərbaycandan çox fərqlidir, yayda isti-rütubətli, qışda soyuq, şaxtalı. Sahibkar səhər bazarlığına gələn yerlilərin xidmətinə hazır olur. Bütün günü ora-bura qaçır, o topdan satış mərkəzi, bu bazar, o şirkət, bu şirkət, polislərlə dil tapmaq, millətçilərin qırxıq başlarını görəndə həyəcan yaşamaq və s. bütün bu iş günündən sonra isə qorxa-qorxa evinə dönmək. Ona görə qorxa-qorxa ki, özbaşınalıq ayaq açdığı Rusiya kimi bir ölkədə pul qazanan "çyornı"lar kriminal aləmin diqqətindədir. Hadisənin çoxu isə sahibkar pulla evinə dönəndə baş verir. Evinin kandarındaca başına atıb, özünü də soyurlar. Bu hadisələr demək olar ki, hər ay təkrarlanır. Bütün bunları bilə-bilə yad ölkədə işləyən adamın hansı streslərlə gününü başa vurduğunun fərqindəsiniz, yəqin. Heç evdə də o adam rahat ola bilməz. Doğma ata-ana yanında deyil ki, gecəni rahat yatsın. Həmin qorxunu dəf etmək üçün bəzisi içkiyə meyl edir, bəzisi narkotikə, bəzisi kriminal aləmə və s. bütün bunlar isə gələcəyimizin üzərinə kabus kimi çökür, gənclər arasında müxtəlif xəstəliklər yaranır, ölümlər, şikəst övlad dünyaya gətirmək sonsuzuq və s. nəticələnir.

Budur bizim "bəxtəvərlər"!
Amma o iş adamları bütün bu əziyyəti ölkəsində çəksəydi, ailəsindən uzaq düşməzdi, bir tikə çörəyini ağız dadıyla yeyərdi, evdə ərsiz qalan gəlinlərin başına bir belə fəlakətlər gəlməzdi, anaların oğul deyə gözləri yolda qalmazdı və ən əsası ölkə qazanardı!

Qayıdaq məsələyə: Orxan Zeynalov qətl törədib. Guya ki, Orxan azərbaycanlı olmasaydı, yaxud ölən rus olmasaydı bu qətl olmazdı? Əlbəttə olacaqdı. Əsrimiz kriminal əsridir.

Bu gün isə bilirsinizmi bizim öhdəmizə düşən nədir? Orxan Zeynalovun timsalında oradakı həmvətənlərimizi qorumaq. Birbaşa ölkə başçısına üzümüzü tutub, ölkədən didərgin düşən orxan zeynalovların haqqını tələb etmək. Burada haram yolla milyonları qazanıb, oradakıların hüququnu qorumayan aidiyyəti adamlardan haqqımızı tələb etmək və demək: Məmur biznesmenlər, (!) siz, əla bilirsiniz ki, orxan zeynalovlar işini burada qursaydı, belə harınlamazdınız! Onları müdafiə edin, ona görə müdafiə edin ki, səhəri gün ölkəsinə gəlib sizin biznesinizə şərik çıxmasınlar! Ona görə müdafiə edin ki, balalarının yetim qaldığını görəndə balanızı yetim qoymasınlar! Ona görə müdafiə edin ki, onların hesabına yedikləriniz burnunuzdan gəlməsin!