Hacıqabulda zəncirvari qəza; ölən var

17 Oktyabr 2013 12:27 (UTC+04:00)
Hacıqabul rayonunda baş verən zəncirvari qəzada bir nəfər ölüb, bir nəfər ağır yaralanıb.

Bu barədə APA-nın Mil-Muğan bürosuna Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müstəntiqi Qəzənfər Mansurov məlumat verib. Qəza bu gün səhər saatlarında dumanlı hava şəraitində, Bakı-Qazax yolunun 125-ci kilometrliyində, 4 avtomobilin iştirakı ilə qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olarkən ötmə əməliyyatını düzgün yerinə yetirməyən Əsədov Elşən Məhəmməd oğlunun idarə etdiyi "Ford Transit" markalı, 60 BL 782 dövlət nömrə nişanlı mikroavtobus, İsmayılov Afiq Sultan oğlunun idarə etdiyi "KrAZ" markalı, H 113 589 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub. Sonra "Ford" markalı avtomobil zərbədən Səmədov Ağakişi Xankişi oğlunun idarə etdiyi "Mercedes" markalı, 90 BJ 132 dövlət nömrəli nişanlı avtomaşına və daha sonra Məmmədov Sadiq Rəhim oğlunun idarə etdiyi "VAZ 21154" markalı, 90 PK 295 dövlət nömrə nişanlı avtomobilə dəyib. Nəticədə "Ford Transit" markalı avtomobilin sürücüsü, 1978-ci il təvəllüdlü İsmayılov Afiq Sultan oğlu hadisə yerində dünyasını dəyişib.

Həmin avtomobildə olan sərnişin, 1955-ci il təvəllüdlü Əsədov Məhəmməd Sadiq oğlu ağır vəziyyətdə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

AzNews.az