Avtoqəzada yaralanan hərbçi dünyasını dəyişdi

17 Oktyabr 2013 13:03 (UTC+04:00)
Azərbaycanda 10 gün əvvəl baş verən yol qəzasında yaralanan hərbçi dünyasını dəyişib.

APA-nın məlumatına görə, oktyabrın 7-də Kürdəmirdə "VAZ-2106" ilə "KamAZ" markalı yük maşınının toqquşması nəticəsində xəsarət alan, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin giziri, 1978-ci il təvəllüdlü Umudov Elşad Müslüm oğlu müalicə olunduğu hospitalda vəfat edib.

Qeyd edək ki, məlum yol qəzası oktyabrın 7-də, Kürdəmirin Çöhranlı kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü Umudov Elşad Müslüm oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobil Sığırlı kənd sakini Gülağa Fərzəliyevin idarə etdiyi "KamAZ" markalı yük maşını ilə toqquşub.

Nəticədə "VAZ-2106"-da olan sərnişinlər Zülfüqar Zeynalov və sürücünün anası, 1940-cı il təvəllüdlü Zeyvə Ağasalı qızı Umudova aldıqları xəsarətdən ölüb.

Sürücü E. Umudov və onun azyaşlı övladları - 2008-ci il təvəllüdlü Şükür, 2009-cu il təvəllüdlü Müslüm, 2005-ci il təvəllüdlü Sahil, həmçinin 1971-ci il təvəllüdlü Hüseynov Səyyad müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

AzNews.az