Nazirlik Orxan Zeynalovla görüşmək üçün müraciət edib

17 Oktyabr 2013 13:34 (UTC+04:00)
Məhkəmə olmadan Orxan Zeynalovu cinayətkar adlandırmaq və onunla kobud rəftar etmək təqsirsizlik prezumpsiyasının pozulmasıdır. Bunu jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.

Onun sözlərinə görə, bu məsələ öz hüquqi əsasını tapmalıdır: "Azərbaycan və Rusiya arasında konsulluq konvensiyası var və bütün məsələlər bu sənəd əsasında tənzimlənməlidir".

E.Abdullayev qeyd edib ki, Azərbaycanın Rusiyadakı səfirliyi saxlanılan Orxan Zeynalova zəruri konsulluq dəstəyi göstərəcək: "Azərbaycan XİN Moksvadakı diplomatik missiyaya müvafiq tapşırıq verib".

XİN rəsmisi deyib ki, səfirlik artıq Rusiya tərəfinə O.Zeynalovla görüşün təşkil edilməsi ilə bağlı müraciət edib və cavab gözləyir: "Mövcud insident məişət zəminində törədilib və Rusiya KİV-də bu məsələnin şişirdilməsi də təqsirsizlik prezumpsiyasının pozulmasıdır".
Onun sözlərinə görə, Rusiyadakı səfirlik bu günlərdə Moskvada Azərbaycan vətəndaşı Ruslan Qaraxanlının qətlini də araşdırır.(trend)


AzNews.az