Orxan Zeynalovun işində qaranlıq qalan 7 məqam

17 Oktyabr 2013 14:10 (UTC+04:00)
Moskvada Yeqor Şerbakovun qətlində suçlanan soydaşımız Orxan Zeynalovun işində çoxsaylı uyğunsuzluqlar üzə çıxıb.

O.Zeynalovun tanışı Əli Məmmədovun dediyinə görə, baş vermiş hadisənin səbəbkarı mərhum Yeqor Şerbakovdur.

"Orxan tanışı olan qızla gedirdi. Binaya çatanda Şerbakov ona yaxınlaşdı və qızın əlindən tutub yana çəkməyə başladı. Orxan da qızı müdafiə etmək istədi, dava başladı və o, özünü müdafiə etmək məqsədilə Şerbakovu vurdu", - Əli Məmmədov deyib.

Orxan Zeynalov da ifadəsində baş verənlərin belə olduğunu təsdiqləyib: "Özümü müdafiə etdim. Onu bıçaqla vurdum, amma öldürmək istəmirdim. Orada üç nəfərdik: mən, qız və Yeqor. Bıçaq şalvarımın arxa cibində idi".

Rusiya Federal Miqrasiya Xidmətinin nümayəndəsi Kristina Belousovanın dediyinə görə, O.Zeynalov yol-hərəkət qaydalarını pozduğuna görə 2011-ci ildə Kaluqa vilayətində həbs olunmuş, 1 il müddətinə azadlıqdan məhrum olunmuşdu. Üstəlik, ona 3 il müddətində nəqliyyat vasitəsini idarə etmək yasaqlanmışdı.

Ötən ilin aprelində azadlığa çıxan kimi o, qanunsuz şəkildə taksiçiliyə başlayıb.

Belədirsə, suallar yaranır.

1-ci sual. Rusiyanın mövcud qanunvericiliyinə görə, xarici ölkə vətəndaşı azadlığa çıxan kimi ölkəni 10 gün müddətində tərk etməlidir. Orxan Zeynalovun 2012-ci ildən Rusiyada qalaraq maşın sürməsinə niyə kimsə mane olmayıb? Nə üçün Federal Miqrasiya Xidməti onu Rusiyadan deportasiya etməyib?

2-ci sual. Yeqor Şerbakovun qətlindən sonra O.Zeynalov binanın girəcəyindəki videomüşahidə kameralarındakı görüntülər sayəsində tapılıb.

Vostryakov keçidi, 7 ünvanda yerləşən bina adi panel doqquzmərtəbədir. Belə binalarda isə videomüşahidə kameraları çox nadir hadisədir. Görüntü çox dəqiqdir və deməli, videomüşahidə kamerası da bahalıdır.

Belə çıxır ki, Moskvanın ucqarlarındakı binalarının girəcəyində Londonun mərkəzindəki təki, hər addımbaşı bahalı videomüşahidə kameraları quraşdırılır?

3-cü sual. Belə bahalı videomüşahidə kameralarından biri Yeqor Şerbakovun qətlindən əvvəl O.Zeynalovun başqa qızla görüşünü çəkib. Videoda aşkar görünür ki, Orxan qıza nə isə deyir, qız ağlayır və soydaşımız onu sakitləşdirməyə çalışır. Hanı o qız?!

4-cü sual. Rusiyanın NTV telekanalındakı "ÇP" proqramında jurnalistlərin "Orxan Zeynalovun tanışları" adlandırdıqları gənclər bir ağızdan deyirdilər: "O qatilə bənzəyirdi, həmişə silah gəzdirirdi". Həmin tanışların dediklərindən belə çıxır ki, Orxan Zeynalov az qala Hannibal Lektor və ya Çikatilo imiş. Maraqlıdır, nədən bu tanışların hamısı slavyan görünüşlüdür: olmaya Orxan Zeynalovun bir nəfər olsun belə, azərbaycanlı dostu və ya tanışı olmayıb?

5-ci sual. Rusiya DİN-in yaydığı rəsmi açıqlamada deyilir ki, O.Zeynalov Kolomna şəhərində tutularkən "kəskin və sərt müqavimət göstərib".
Lakin videolardan görünür ki, Orxan Zeynalovun gizlənmək və ya müqavimət göstərmək fikri olmayıb: "Mən gizlənmirəm! Burada maşınım var, maşınım!" Fəqət, Zeynalovu çox təhlükəli terrorçu kimi üzümaskalı avtomatçıların müşayiəti ilə Moskva polisinə aparırlar. Bu pafos, komediya, əvvəlcədən hazırlanmış ssenari kimə gərəkdi? Orxan Zeynalov belə təhlükəli qatildirsə, nə üçün yaxalananda şok vəziyyətinə düşməyib?

6-cı sual. Kolomna şəhərindəki parkda tutulan Orxan Zeynalovun Moskva Baş Daxili İşlər İdarəsinə helikopterlə aparılmasının videokadrlarını, yəqin ki, hamınız görübsünüz. Kadrlara diqqətlə baxın: "operativ çəkiliş"də Orxan Zeynalovu Kolomna şəhərində Mi-8 AMT helikopterinə oturdurlar. Moskvada isə o, Ka-226 helikopterindən düşürülür. Bu nədir, olmaya səmada Zeynalovu bir helikopterdən başqasına keçiriblər?!

7-ci sual. Orxan Zeynalov Kolomna şəhər parkında tutulanda onu təpikləyib yerə yıxırlar və təpikləyərək deyirlər: "Haydı, de ki, o oğlanı sən doğradın!" Zərbələrdən qıvrılan Orxan Zeynalov qışqırır: "Vurmayın! Deyəcəyəm".

Daha sonra onu Moskva Baş Daxili İşlər İdarəsinə aparırlar və Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev O.Zeynalovu "qarşılayır".
Rusiyanın tanınmış hüquqşünası və siyasətçisi Gennadi Qudkov deyir: "Bütün bunlar ucuz piar, komediyadır. Məsələn, Orxan Zeynalovun işi ilə bağlı Rusiya İstintaq Komitəsinin sədri Oleq Bastrıkin Biryulevodakı meyvə-tərəvəz bazasına yollanıb, orada "hiddətli" çıxış edir. Nədir, Bastrıkin bazada meyvələrlə tərəvəzləri ifşa edir?! Bundan başqa, adi məişət cinayətində suçlanan Orxan Zeynalovu niyə DİN başçısının yanına aparıblar? Rusiyada hər gün orta hesabla 100 nəfər qətlə yetirilir. Şok yaradan qətllər olur. Tutulan və qətldə şübhələnən şəxslərin hamısını nazirin yanına aparırlar?! Onlar anlamırlar ki, bütün bunlar biabırçılıqdır?

Belə getsə, Moskva meri Sobyanin qətlə yetirilmiş Şerbakovun ailəsinin yanına yollanaraq onlara başsağlığı verəcək, dəstək vəd edəcək. Belə ucuz şoular vasitəsilə onlar işlədiklərini göstərmək istəyirlər.(milli.az)

AzNews.az