Kim haqlıdır: yol polisi, yoxsa sürücü?

17 Oktyabr 2013 14:14 (UTC+04:00)

Bakı şəhərində gün ərzində yüzlərlə yol hərəkəti qaydalarının pozulması faktları qeydə alınır. Ağır nəticələrə səbəb olmasa da, hər bir qayda pozuntusunun bədbəxt hadisə üçün zəmin olduğu şübhə doğurmur.

Lakin Bakı şəhərində qayda pozuntusu olub-olmamsı baxış bucağından asılı olaraq dəyişən faktlar da var. Məsələn, polis qayda pozuntusu hesab etsə də, sürücünün əksini sübut etməyə çalışdığı faktlar da var ki, belə hallarda söz sahibi polis olduğu üçün, cərimə kəsilən də şübhəsiz, sürücülər olur.

Belə faktlardan biri Günəşli qəsəbəsində qeydə alınıb. Bu barədə AzNews.az-a sürücü Şərif Vahabov məlumat verib. O, yol polisi tərəfindən kəsilən cəza - 3 cərimə balı və 60 manat pulla razılaşmayıb. Onun sözlərinə görə, yol polisi 99 CU 539 nömrə nişanlı "Mersedec E Class" markalı avtomobilin sürücüsünü dairəvi yolda hərəkət qaydalarına məhəl qoymamaqda, "Giriş qadağandır" yol nişanının tələbini pozmaqda günahlandırıb.

Halbuki: "Suraxanı rayonu Günəşli qəsəbəsində dairəvi yola girərkən "yol ver" nişanını gözlədim. Dairəvi yoldakı maşınlar tamamilə boşaldı. Dairəvi yola yaxınlaşmaq üzrə olan avtomobil hələ dairəyə girmədiyindən gözləməyib hərəkətə başladım. Bu vaxt qarşıda dayanan 10 YP 454 nömrə nişanlı yol polisi avtomobili tərəfindən saxlanıldım. Onlara sübut edə bilmədim ki, mən hərəkətə başlayanda dairəvi yolda avtomobil yox idi. Etirazıma baxmayaraq, barəmdə İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsi ilə protokol tərtib olundu.

Protokolda mənə qarşı irəli sürülən iddia ilə razılaşmadığımı qeyd edərək, protokolu imzaladım. Hesab edirəm ki, həmin yolda kamera olmalıdır. Yəni, polisin, yoxsa mənim haqlı olduğumuzu aydınlaşdırmaq elə də çətin deyil. Odur ki, bu məsələnin araşdırılması, mənə qarşı irəli sürülən haqsız protokolun ləğv olunması üçün müvafiq yerlərə müraciət edəcəyəm".


Ruhiyyə
AzNews.az