“Moody`s” beynəlxalq reytinq agentliyi optimistdir

2 Avqust 2012 17:01 (UTC+04:00)


Azərbaycanın bank sistemi proqnozu stabil olaraq qalır. "Moody`s Investors Service" agentliyinin "Banking System Outlook" ("Bank sisteminin perspektivləri") adlı hesabatında bu barədə məlumat verilib. Bu perspektivlərin əsas aparıcı amilləri bunlardır : əlverişli əməliyyat mühiti, kapitallaşmanın aşağı səviyyədə və stabil qalmasına baxmayaraq, aktivlərin keyfiyyətində cüzi yaxşılaşma, likvidlik buferinin yetərincə olması və mənfəətliyin artımında nisbi irəliləyişlər. Moody`s hesabatda bildirir ki, yaxın perspektivdəki 12-18 ay ərzində makroiqtisadiyyata müsbət təsir göstərən amillər bank sektorunun proqnozunun stabil qalmasına imkan verəcəkdir. Bundan əlavə, Mood`s–in hesablamalarına əsasən, 2012-2013-cü illərdə Azərbaycanın iqtisadiyyatında nəzərəçarpacaq artım müşahidə olunacaqdır.

Neft ixracından gələn gəlirlər və dövlət tərəfindən ayrılan vəsaitlər sayəsində qeyri-neft sektorunun inkişafı üçün müvafiq əlverişli şərait yaranacaq və ölkədəki kreditləşmə şərtləri yaxşılaşacaqdır. Eyni zamanda, ölkədə bank sektoruna müdaxilə səviyyəsi aşağı olduğu üçün bankların uzunmüddətli artıma nail olmaq baxımından yaxşı imkanları vardır.

Hesabatda deyilir ki, proqnoz edilən müddət ərzində bankların aktivlərinin keyfiyyəti cüzi də olsa yaxşılaşacaqdır. Eyni zamanda, çox güman ki, Azərbaycan banklarının əksəriyyətində kapitallaşma səviyyəsi əvvəlki səviyyədə qalacaqdır. Problemli kreditlərin səviyyəsi - ümidsiz kreditlər (90 gün və daha çox) və təkrar maliyyələşdirilmiş kreditlər 2012-ci ilin sonunadək ümumi kreditlərin məcmu sayının 13 faizinə qədər azalacaqdır. Bu göstərici isə 2011-ci ildə 16 faiz qeydə alınmışdır. Bu müsbət dəyişiklik isə əlverişli iqtisadi mühitin olması ilə əlaqədardır. Əksər Azərbaycan bankları likvid aktivlərin yetərlilik göstəricisinə riayət edirlər. Banklar nisbi stabil maliyyə ehtiyatlarına malikdirlər (depozit ehtiyatlar üstünlük təşkil edir). Əksər banklar 2011-ci ildə öz mənfəət göstəricilərini yaxşılaşdırmışlar. Moody `s yüksək kreditləşmə həcminin, sağlam faiz marjalarının və aktivlərin stabil keyfiyyətinin proqnozlaşdırılan dövr ərzində rentabelliyin nisbətən yaxşılaşmasına səbəb olacağını ehtimal edir.

Gültən

Az.News.az