Orta məktəbdə qətl törədənlər həbs olundu

17 Oktyabr 2013 16:22 (UTC+04:00)
Təhsil Nazirliyi bu gün Bakının Nizami rayonundakı 10 saylı orta məktəbdə baş verən qətllə bağlı araşdırmaya başlayıb.


Təhsil Nazirliyinin İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov açıqlamasında deyib ki, təhsil naziri Mikayıl Cabbarov artıq baş verən hadisə ilə əlaqədar məlumatlandırılıb.

Onun sözlərinə görə, M. Cabbarov nazirliyin Daxili nəzarət şöbəsinin iştirakı ilə hadisənin törədilməsi səbəblərinin araşdırılmasına dair göstəriş verib: "Bununla bağlı artıq xüsusi araşdırma başlanılıb. Hadisə nəticəsində qətlə yetirilən şəxs 4 saylı peşə liseyinin şagirdi Gülüşov Famildir. Hadisə Nizami rayonunda yerləşən 10 saylı məktəbin həyətindəki arxa bağçasında baş verib. Bu, cinayət faktı olduğundan hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılmaqdadır.

Hüquq-mühafizə orqanları hadisənin törədilməsini dostlar arasında olan mübahisənin mənfi sonluqla bitməsi kimi təqdim ediblər. Yoldaşları ilə münaqişə nəticəsində Famil onlar tərəfindən qətlə yetirilib. Hazırda istintaq orqanları tərəfindən araşdırmaya başlanılıb. Qətli törədən şəxslər artıq həbs olunublar".(apa)

AzNews.az