FHN Akademiyasının kursantları Dövlət Bayrağı Meydanında and içdilər

17 Oktyabr 2013 17:30 (UTC+04:00)
FHN Akademiyasının kursantları Dövlət Bayrağı Meydanında and içdilər

Bu gün Dövlət Bayrağı Meydanında Fövqəladə Hallar Nazirliyinin Akademiyasının ilkin hərbi hazırlığı başa vurmuş birinci kurs kursantlarının andiçmə mərasimi keçirilmişdir.
Mərasim açıq elan olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət himni səslənmiş, Dövlət bayrağı meydana gətirilmişdir. Sonra kursantlar and içmişlər.

Tədbirdə fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və general-leytenant Etibar Mirzəyev iştirak etmişlər.

Çıxış edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev kursantları təbrik etmiş, onlara gələcək təhsillərində uğurlar arzulamışdır.

Daha sonra Akademiyanın rəisi general-mayor Pənah Süleymanov çıxış edərək kursantların andiçmə mərasiminin əlamətdar hadisə olduğunu qeyd etmiş, bu ali təhsil ocağının gənc kursantlarını təbrik etmişdir.

Birinci kurs kursantı Kənan Cəlilov çıxış edərək tələbə yoldaşları adından üzərlərinə qoyulmuş etimadı layiqincə doğruldacaqlarına söz vermişdir.

Mərasim təntənəli sıra keçidi ilə yekunlaşmışdır.

AzNews.az