Günay Məmmədovanın ölüm ışində əlavə nüanslar

17 Oktyabr 2013 20:00 (UTC+04:00)
Avqustun 30-u gecə saatlarında aeroport yolunun Bülbülə qəsəbəsindən keçən hissəsində (Komsomol dairəsinin yaxınlığı) Bakı Metropoliteninin işçisi, 22 yaşlı Günay Məmmədovanın ölümü hadisəsi ilə bağlı araşdırmalar davam etdirilir.

Gənc qızın avtomobilin altında qalaraq ölməsi olayından sonra müxtəlif KİV-lərdə, eləcə də televiziya kanallarında geniş müzakirələr aparılır.

AzNews.az xəbər verir ki, Publika.Az-ın əldə etdiyi məlumata görə, G.Məmmədova ölümündən bir neçə ay əvvəl dəyəri 20 min manatdan çox olan xarici markalı avtomobil alıbmış. O, ailədə həm də səbirsiz və əsəbimiş. Səbəbisə Günayın qurduğu ilk ailənin uğursuz alınması olub. Bundan sonra 22 yaşlı xanım Bakı Metropoliteninin "Gənclik" stansiyasında işə düzəlib. Sonrası isə mətbuatda yazılıb.

Günayın ölümü ilə nəticələnən qəza təhlükəsizlik kameraları tərəfindən lentə alınıb. Həmin kadrlar artıq istintaq materiallarına əlavə edilib. Etibarlı mənbənin verdiyi məlumata görə, həmin kadrlarda gənc qızın özünü avtomobilin altına atması əks olunur. Məhz bu səbəbdən də nə onun nişanlısı Rabil Rzayev, nə də Günayı vuran "BMW X5"in sürücüsü Təhmin Vəliyev barəsində həbs qəti-imkan tədbiri seçilməyib.

Qeyd edək ki, Günay Məmmədova hadisə baş verən gün nişanlısı Rabil Rzayevlə hansısa söhbət üçün evdən çıxıblar və təxminən bir saat sonra bədbəxt hadisə baş verib. Hadisədən sonra isə Günayın nişanlısı yoxa çıxıb. Hüquq mühafizə orqanlarından verilən məlumata əsasən, G.Məmmədova əvvəllər ailəli olub. Toyundan bir neçə ay sonra ayrılaraq ata evinə qayıdıb.

Sonralar isə, Bakı metrosunun "Gənclik" stansiyasında işlədiyi vaxt polis əməkdaşı Rabil Rzayevlə münasibət qurub. Rabil bir neçə ay əvvəl Günayla şərt kəsərək nişanlanıb. Şərt ondan ibarət olub ki, Günayın əvvəllər ailəli olması ikisinin arasında sirr olaraq qalacaq.Yəni Rabilin ailəsi bundan xəbər tutmamalıdır. Lakin hadisədən əvvəl Rabil Günay haqda dostuna danışıb. Həmin dostu isə Günayın əvvəllər ailəli olması barədə Rabilin ailəsinə məlumat verib. Bundan sonra isə Rabil və Günay arasında münaqişə yaranıb.

Hadisə baş verən gün Günay nişanlısı ilə məhz bu söhbəti aydınlaşdırmağa gedibmiş. Rabil görüş zamanı Günaya aralarındakı sirrin artıq məlum olduğunu, dostunun valideynlərinə onun əvvəllər evli olması xəbərini çatdırdığını deyib.Bu isə baş vermiş faciəyə zəmin yaradıb.

G.Məmmədovanın Rabilin maşınından özünü atması ilə bağlı söhbətlər gəzsə də, onu vuran "BMW X5"-in sürücüsü Təhmin Vəliyev ilkin ifadəsində bu faktı təkzib edib. Sürücü deyib ki, yolda gedərkən G.Məmmədova kənarda dayanıbmış, qəflətən özünü maşının altına atıb...

Hadisədən sonra R.Rzayev istintaqdan yayınsa da, sonradan ifadə verib. Ehtimal edilir ki, Günay Məmmədova R.Rzayevin onunla evlənməkdən imtina etməsindən sonra intihar etmək qərarına gəlib. Araşdırmalar davam etdirilir.


AzNews.az