Qusar hadisələri ilə bağlı şok faktlar; polis əməkdaşları meşəyə niyə aparılıb?

18 Oktyabr 2013 07:14 (UTC+04:00)
Qusarda bir polis mayorunun ölümü, 3 polis əməkdaşının xəsarət alması ilə nəticələnən silahlı insidenti törədənlər "Meşə qardaşları" terror qruplaşmasının üzvləridir.

AzNews.az-ın əldə etdiyi məlumata görə, oktyabrın 16-da valyutadəyişmə məntəqəsinə qarət məqsədli hücum polis əməkdaşları üçün qurulan tələ olub.

Belə ki, həmin gün səhər saat 08.00 radələrində valyutadəyişmə məntəqəsində işləyən Sadir Mustafayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirərək üzərində olan 6 min manat pulu qarət edən şəhər sakini Edik Rüstəmov saxlanılıb.
Ələ keçən Rüstəmov axtarışda olan, qarətdə və ümumiyyətlə, bir sıra cinayətlərdə iştirakı olan cinayətkarların yerini söyləmək bəhanəsi ilə polisi meşə zolağına aparıb. Orada qəfil silahlı hücuma məruz qalan polis əməkdaşları ağır itki verib.

Qeyd edək ki, DİN-in rəsmi saytında cinayət yolu ilə əldə edilmiş pulun götürülməsi üçün RPŞ əməkdaşlarının saxlanılan şəxsi şəhər kənarındakı meşə zolağına apardığı, bu zaman E.Rüstəmovla cinayətkar əlaqələri olan 2 naməlum şəxs tərəfindən polislərə odlu silahdan atəş açıldığı bildirilib. Basqınçıların kimliyi artıq müəyyən olunub.

Onlar Qusar şəhər sakinləri Faiq Şahmuradov və Ramiz Rəhimxanovdur. Hazırda hüquq-mühafizə orqanları hadisə ilə əlaqədar səfərbər olunub. Rayona daxili qoşunların canlı qüvvəsi yeridilib. Rayondan verilən xəbərə görə, ağır cinayət törədərək hadisə yerindən qaçmış həmin şəxslərin saxlanması istiqamətində əməliyyat-axatarış tədbirləri davam etdirilir. Rayon mühasirəyə alınıb.

Xatırladaq ki, "Meşə qardaşları" ölkəmizin şimalında fəaliyyət göstərən gizli terrorçu qruplaşmadır. Qruplaşma üzvləri hüquq-mühafizə orqanlarına hücumlar edir, terror aktları təşkil edir, vəhabiliyi təbliğ edən qeyri-qanuni dini ədəbiyyat yayılması ilə məşğul olur.

Ruhiyyə
AzNews.az