Allahverdi Pələngov: “Ermənilər məni söyürdülər“

18 Oktyabr 2013 07:20 (UTC+04:00)
APA-nın Gürcüstan bürosunun əməkdaşı Burma kəndində olub, yenicə Ermənistanda həbsdən azad olunaraq evinə dönmüş Allahverdi Haqverdi oğlu Pələngov ilə görüşüb.

Oktyabrın 17-də, iki ay keçəndən sonra Ermənistan sərhədçiləri tərəfindən saxlanılan Sadaxlı inzibati ərazi nümayəndəliyinə daxil olan Burma kənd sakini Allahverdi Pələngov azad edilib. APA-nın Gürcüstan bürosunun müxbiri A. Pələngovun Ermənistan-Gürcüstan sərhədində yerləşən Sadaxlı sərhəd-buraxılış məntəqəsində kənd sakinləri, onun qohumları tərəfindən necə qarşılandığının şahidi olub və böyük sevinclə maşın karvanı A. Pələngovun evinə yol alıb. A. Pələngov APA-nın Gürcüstan müxbirinə həbs olunmağının səbəblərini bütün təfərrüatı ilə açıqlayıb. "Avqustun 17-də şəxsi mal-qaramı kəndimizin üst tərəfindən keçən dağların başına yaxın olan meşə zolağında otarırdım. Birdən mülki geyimdə olan iki nəfər mənə yaxınlaşıb erməni dilində salam verdilər. Mən onların salamını aldım və onlardan biri mənə əl uzatdı. Mən də ona əl uzadan zaman hər iki şəxs qolumdan tutub məni qamarladılar. Biz yarım saata qədər süpürləşdikdən sonra bu iki nəfərə kömək gəldi. Məni tutan şəxslər dedilər ki, səndə qızıl var. Mən etiraz edib, heç nəyim olmadığını bildirdim. Amma onlar silahsız idilər. Sonra mənim əllərimi bağlayıb dağların o başında yerləşən Ermənistan ərazisindəki Cöckan kəndində yerləşən sərhəd zastavasına gətirdilər. Mənə bildirdilər ki, sən sərhədi pozubsan. KQB və on nəfərdən çox hərbçilər gəldi. Məni avqustun 17-də Ermənistan Milli Təhlükəsizlik təcridxanasına gətirdilər. Avqustun 19-da gecə saat 12-də həbsxanada müstəntiq məndən izahat aldı və dedi ki, səni cərimə edəcəklər. Bir ay yarım Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanıldıqdan sonra məni İrəvandakı Vartaşen həbsxanasına gətirdilər. Sentyabrın 21-də Ermənistanın müstəqillik günü münasibəti ilə prezidentin əfv fərmanı əsasında oktyabrın 3-də mən də azad olundum".

A.Pələngov apa-ya açıqlamasında günahsız olaraq saxlanıldığını bildirib. O, təcridxanada ona işgəncə verilmədiyini, normal qidalandığını bildirib. "Mən 14 gün Vartaşen həbsxanasında saxlanıldıqdan sonra oktyabrın 17-də saat 12.00-da azad edildim. Həmin gün məni Gürcüstan səfirliyinin konsulu və Tiqran Sinoyan adlı müstəntiq həbsxanadan azad etdilər və konsulluq məni Gürcüstana yola saldı".

Allahverdi Pələngov oğlunun İrəvana gəldiyini və onunla görüşə bilmədiyini deyərək kövrəlib ağladı: "Mən təcridxanada olanda oğlum və qardaşım oğlu mənim yanıma gəldilər. Lakin onlarla görüşə bilmədim. Mənə yemək gətirmişdilər. Həbsxanada iki erməni ilə qalırdım. Digər kameralarda saxlanılan ermənilər hərdən məni söyürdülər. Həbsxanada iki gürcü və bir türk vətəndaşı da üç gün mənimlə həbsxanada qaldılar".

A.Pələngov günahsız olduğunu və heç bir səbəb olmadan həbsxanaya salındığını qeyd edib: "Bu gün doğmalarımız arasındayam. Lakin mən heç nəyə görə iki ay həbsxanada yatdım. Mən əfv fərmanı ilə azad oldum. Heç bir cərimə vermədim. Amma mənə yer edən o idi ki, mənim haqqımda səbəbi məlum olmayan iddia ilə məhkəmə işi qaldırmışdılar. Kəndimizin ərazisində heç bir sərhəd məftili və yaxud nişan yoxdur. Əgər mən məftili qırıb Ermənistana keçmişəmsə, qoy məni qanunla ittiham etsinlər. Lakin adama o yer edir ki, mən mal-qaramı otardığım yerdə tutulub həbsxanaya atıldım".

A. Pələngov avqustun 23-də bir dəfə Gürcüstanın Ermənistandakı konsulunun və iki erməni QHT hüquq müdafiəçisinin gəlib onun taleyi ilə maraqlandığını deyib. "Əfv olmasaydı, ola bilər ki, məni azad etməzdilər".

Oktyabrın 17-də Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev də həbsdən azad olunan Allahverdi Pələngovun görüşünə gəlib. Parlament üzvü APA-ya açıqlamasında həbs olunan Allahverdi Pələngovun azad olunması üçün Gürcüstan hökumətinin də diplomatik kanallar vasitəsi ilə xeyli iş gördüyünü bildirib: "Hər şeydən əvvəl qeyd edim ki, Gürcüstan vətəndaşı olan soydaşımızın öz ailəsinə, azadlığa qovuşmasına hamı kimi mən də sevinirəm. Bu insan günahsız olaraq Ermənistanda həbsdə idi. Bu müddət ərzində Allahverdi Pələngovun azad olunması üçün Gürcüstan dövlətinin lazımi orqanları və hökumət nümayəndələri əllərindən gələn hər şeyi etdilər. Bunu mən Gürcüstan parlamentinin deputatı kimi tam məsuliyyətimlə qeyd edirəm. Gürcüstanın baş nazirinin şəxsi göstərişi ilə Gürcüstan xarici və daxili işlər nazirlikləri, səlahiyyətli vəzifəyə malik şəxslər bu işlə ciddi məşğul olublar. Xarici işlər nazirinin müavini Quqa Xelaya, həmin idarənin konsulluq departamentinin rəisi Georgi Tabatadze və mən bir deputat kimi dəfələrlə A. Pələngovun işi ilə bağlı müxtəlif fikir mübadiləsi etmişdik. İlk günlər A. Pələngovun işi ilə bağlı bütün lazımi tədbirlər görüldü. Gürcüstanın İrəvandakı konsulluğunun nümayəndələri soydaşımızı həbsxanada ziyarət ediblər, onun sağlamlığı və vəziyyəti ilə maraqlanıblar. Təbii ki, diplomatik kanallarla bütün danışıqlar aparıldı və nəticə olaraq bu gün A. Pələngov öz evindədir".

Gürcüstan parlamentinin deputatı APA-nın Gürcüstan müxbirinə açıqlamasında bir parlament üzvü kimi Ermənistanla sərhəddə yerləşən və soydaşlarımızın kompakt yaşadığı kəndlərin ağrılı problemlərini də parlamentdə qaldıracağını bildirib: "Burma Təzəkənddən başlamış, Dmanisinin Yırğançay kəndinədək olan ərazilərdə vəziyyət eynidir. Sərhədin delimitasiya və demarkasiya olunmaması ucbatından əhali uzun illər istifadə elədiyi otaracaqlardan, örüşlərdən, su mənbələrindən, meşələrdən, əkin sahələrindən məhrum edilib. Onlar kənd təsərrüfatı işləri ilə məşğul olarkən erməni sərhədçiləri sərhədi pozmaq bəhanəsi ilə onları tutur, mal-qaralarını geri qaytarmırlar. Mən bir parlament deputatı kimi bu məsələni ictimailəşdirmişəm, məsələyə başqa aspektdən yanaşmışam. Sabah yenə bir hadisə baş verərsə, yenə də biz əziyyət çəkəcəyik. Buna görə də Gürcüstanın dövlət orqanları qarşısında, xüsusilə daxili işlər nazirliyinin sərhəd departamenti qarşısında delimitasiya və demarkasiya məsələsinin həllini qaldırmışıq. Bu məsələ çox incə bir məsələdir. Bu uzun bir vaxt tələb edir. Bu gün Ermənistan Gürcüstanın dost, qonşu ölkəsidir və bu məsələdə hər iki tərəf çox həssasdır. Amma soydaşlarımızın gün-güzəranını yaxşılaşdırmaq və belə hadisələrə operativ reaksiya vermək üçün hansısa qaynar xətt və yaxud Gürcüstan sərhəd zastavalarında mobil qrup yaradılması yəqin ki, gündəmə gələcək. Mən bizim hökumətin rəhbərləri qarşısında delimitasiya və demarkasiya olunmayan sərhəd bölgələrində belə hadisələrə yol verməmək üçün önəmli tədbirlər görməyə nail olacam."

Parlament deputatı soydaşlarımızın saxlanılması məsələsi barədə onlarla faktlar olduğunu bildirib: "Sərhəddə onlarla adamlarımız təzyiqlərə, təhqirlərə, müxtəlif təhdidlərə məruz qalıblar. Bu faktları nəzərə alaraq mən sadaladığım tədbirlərə düşünürəm ki, tezliklə nail olacam. Bu gün mən bir daha A. Pələngovun ailəsinə göz aydınlığı vermək istəyirəm və bu insanın günahsız olduğunu hamı bilirdi".

M. Dərziyev açıqlamasında Ermənistanın hüquq müdafiə təşkilatlarının, QHT nümayəndələrinin A. Pələngovun günahsız olduğunu etiraf etdiklərini qeyd edib: "Ermənistanın hüquq müdafiə təşkilatları A. Pələngovun günahsız olduğunu etiraf etdilər və axırda Ermənistan hökuməti Allahverdi Pələngovu azad etməyə məcbur oldu", deyə M. Dərziyev bildirib.

AzNews.az