Bakıda 5 dönərxana bağlanıldı

18 Oktyabr 2013 08:29 (UTC+04:00)
Avqust-sentyabr aylarında Bakıda dönərxanalarda aparılan yoxlamalar nəticəsində ciddi nöqsanların aşkarlandığı 5 dönərxana bağlanıb.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev lent.az-a açıqlamasında bildirib ki, dönərxanalara nəzarətə xüsusi diqqət yetirirlər.

İmran Abdullayev deyib ki, cərimələrin miqdarı 150-200 manatdır və dönərxana işlədənlər cərimələnsələr də, cəriməni ödəyib, əvvəlki formada fəaliyyət göstərməyə üstünlük verirlər. Onun sözlərinə görə, toyuq əti infeksiyaya meylli və əhali üçün ciddi təhlükə mənbəyi olduğu üçün 2006-cı ildən toyuq dönərinin satışı qadağan edilib. Ancaq buna baxmayaraq, hələ də bir çox dönərxanalarda toyuq dönəri satılır: "Avqust-sentyabr aylarında da Bakıda aparılan yoxlamalar zamanı 15 dönərxanada toyuq dönəri satıldığı aşkarlanıb. Təəssüf ki, bu sahədə çalışan insanlar məsuliyyət hiss etmir. Həm də bəzi dönər sahələrinin VÖEN-i yoxdur, bəziləri isə sonradan başqa yerdə başqa VÖEN-lə fəaliyyətlərini davam etdirirlər. Cərimələrin də miqdarı az olduğu üçün bu istiqamətdə atılan addımlar istənilən nəticəni vermir".

Rayonlarda da yoxlamaların aparıldığını söyləyən İmran Abdullayev yaxın vaxtlarda bu sahəyə diqqətin daha da artırılacağını vurğulayıb.

AzNews.az