DSMF-nın gəliri də artıb, xərcləri də

18 Oktyabr 2013 08:48 (UTC+04:00)
Dövlət Sosial Müdafiə Fondunun gəliri artıb. Bunu 2013-cü ilin yanvar-sentyabr aylarının hesablamaları da təsdiq edir. Fondun mətbuat xidmətinin rəhbəri Elman Babayev AzNews.az-a deyib ki, bu ilin 9 ayında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1977,9 milyon manat təşkil edib. Bu rəqəm cari ilin proqnoz göstəricisindən 37,3 milyon manat və ya 1,9 faiz çoxdur.

Belə ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 36,4 milyon manat və ya 3,4 faiz yuxarı olmaqla 2012-ci ilin müvafiq dövrünə nisbətən 12 faiz və ya 120,4 milyon manat artaraq 1120,8 milyon manat təşkil edib.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 63,3 faizi və ya 709,9 milyon manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği proqnoza nisbətən 104,4 milyon manat və ya 17,3 faiz, əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 15,2 faiz və ya 97,4 milyon manat yuxarı olub.

Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 40,7 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 18,5 faiz artıb. 2013-cü ilin yanvar-sentyabr aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 411 milyon manat təşkil edib. Sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s. üzrə daxilolmalar 4,9 milyon manat təşkil edib.

Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. 2013-cü ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri də artaraq 1890,5 milyon manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1847,5 milyon manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 73 milyon manat və ya 4,1 faiz çoxdur. Pensiya xərcləri 2012-ci ilin müvafiq dövrünə nisbətən 4,1 faiz və ya 70,6 milyon manat artaraq 1803,5 milyon manat təşkil edib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2013-cü ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 1,1 faizlik (2012-ci ilin istehlak qiymətləri indeksinə uyğun), 1 sentyabrından isə baza hissəsinə 15 manatlıq artım tətbiq olunub. 2013-cü ilin yanvar-sentyabr aylarında əhaliyə 44 milyon manat məbləğində məcburi dövlət sosial sığorta haqqı hesabına müavinət ödənilib.

Ruhiyyə
AzNews.az