Düşmənimiz Səmədovdurmu?

18 Oktyabr 2013 09:57 (UTC+04:00)
Ötən günlərdə bir az vaxt məhdudluğu olduğundan, vacib hesab etdiyim məsələyə münasibət bildirməyim gec qaldı. Ancaq hər halda, gələcəkdə də bu kimi hadisələrlə rastlaşacağımızı düşünərək mövqe bildirməmizin faydası olacağını düşünürəm.

Azərbaycan milli futbol komandasının Rusiya kimi güclü komandadan xal alması, əlbəttə ki, hamımızı sevindirdi. Bu qrupda millimizin çıxışını da normal qiymətləndirirəm. Ölkə çempionatı zəif olduğundan, güclü milli komanda yaratmaq da asan məsələ deyil. Üstəlik, xaricdə sanballı klublarda daim oynayan, təcrübə qazanan 6-7 futbolçu özəyi olmayan bir milli komandadan böyük uğurlar gözləmək də sadəlövhlük olardı. Ancaq oyun zamanı stadionda Rusiya yığmasının futbolçusu Aleksandr Səmədova qarşı azarkeşlərin və bəzi futbolçularımızın psixoloji təzyiqini heç də xoş qarşılamadım. Müqayisə edin Türkiyə millisində oynamayıb, Almaniyanı seçən Məsud Özillə. Nəyi pisdir ki, bir futbolçu həm də türk elçisi kimi çıxış edir və öz oyunu, dürüst davranışı ilə milyonlarla almanın könlündə türklərə qarşı simpatiya yaradır?

Axı Səmədovun atası azərbaycanlı, anası rusdur, atası Bakıda dəfn olunub, özü isə rus mühitində tərbiyə alıb. Özbəöz azərbaycanlı kimi yanaşmaya bilərsiniz. Ancaq Azərbaycan adına Rusiya yığmasında bir futbolçunun dünya çempionatında oynamasının nə ziyanı var bizə? Adam axı vaxtilə gəlib bizim federasiyaya və xahiş edib ki, onu yığmaya götürsünlər, lağlağıya qoyub geri göndəriblər, indi nə etsin? Vətənpərvərliyə görə futbolu atmalıydı?

Vaxtilə Ramiz Məmmədova da qarşı eyni münasibət göstərdilər, gedib "Spartak" Moskvanın əsas oyunçusuna çevrildi. Məgər intriqalar üzündən burada müdafiə edə bilməyən onlarla elm adamının daha ədalətli Rusiya mühitində dissertasiya müdafiə etdiyindən hamımız xəbərsizik?

Adam ehtiyatsız bir söz deyib, anladıq, bunu dostcasına yaxınlaşıb demək olardı özünə ki, bir az sayğılı olsun, ancaq niyə Azərbaycana daha da nifrət edən birinə çevirirsiniz? İndi Rusiyadakı son hadisələrin fonunda azərbaycanlılara qarşı nifrətin yumşaldılması məqsədilə bu ölkə üçün fayda verən insanların nümunələrindən yararlanmaq olmazdımı?

Bu aşırılıq, bu tarazsızlıq bizim həm fərdi, həm də kollektiv bəlamız olduğundan, heç nəyin qızıl ortasında duruş gətirə bilmirik...

AzNews.az