ATƏT-in sessiyasında prezident seçkiləri müzakirə olundu

18 Oktyabr 2013 10:06 (UTC+04:00)
ATƏT Parlament Assambleyasının (PA) payız sessiyasında qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) missiyasının rəhbəri Doris Barnett çıxış edərək, nəticə etibarilə ATƏT/DTİHB ilə işləməyin çox çətin olduğunu vurğulayıb. Lent.az-ın məlumatına görə, bunu Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib. Onun sözlərinə görə, hər kəsin fikrini ifadə edən hesabatın hazırlanması səylərinin baş tutmamasından doğan narazılıq Barnettin çıxışında özünü qabarıq göstərib.

"Yalnız faktlar əsasında münasibət bildirməyə üstünlük verdiyini deyən Barnett bildirib ki, istər Bakıda, istərsə də regionlarda seçkilərin çox yüksək əhval-ruhiyyədə keçdiyinin, insanların öz iradələrini azad ifadə etməsi üçün hər bir şəraitin yaradıldığının şahidi olub. Bununla yanaşı, namizədlərin çoxluğu, mətbuatda fikirlərin işıqlandırılması, televiziyadakı debatlar və çoxsaylı müşahidəçilərin iştirakı da müsbət cəhətlərdir. Hər hansı nöqsanlar olsa belə, onlar seçki prosesini kölgədə qoyacaq, nəticələri şübhə altına alacaq səviyyədə olmayıb".

B. Muradovanın sözlərinə görə, müşahidə missiyalarının əlaqələndiricisi Mişel Vuazen isə çıxışında Azərbaycanda seçkilər ərəfəsində hökumət rəsmiləri və namizədlərin seçki qərargahlarının nümayəndələri ilə keçirdiyi görüşlərin nəticəsində müvafiq dövlət qurumlarının namizədlərə hər cür şərait yaratdığının şahidi olduğunu söyləyib: "O, həmçinin, ATƏT PA-nın ATƏT/DTİHB ilə əməkdaşlıq prinsiplərinə yenidən baxmalı olduğunu vurğulayıb".

AzNews.az