Milli Şuranın təmsilçiləri seçkilərin gedişindən razıdır

18 Oktyabr 2013 11:50 (UTC+04:00)
2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində 71 saylı Masallı kənd və 72 saylı Yardımlı-Masallı seçki dairəsinin məntəqələrində "Demokratik qüvvələrin Milli Şurası" seçicilərin təşəbbüs qrupunun namizədi Cəmil Həsənlinin təmsil etmiş müşahidəçilər bəyanat verib.

71 saylı Masallı kənd seçki dairəsi dairə seçki komissiyasında Cəmil Həsənlini təmsil edən müşahidəçi kimi qeydiyyatdan keçmiş Tağıyev Tohid (1 saylı seçki məntəqəsində müşahidəçilik edib), Qənbərov Qurbanəli (8 saylı seçki məntəqəsində müşahidəçilik edib), Kazımov Mirəli (9 saylı seçki məntəqəsində müşahidəçilik edib), Ələkbərov Həbib (32 saylı seçki məntəqəsində müşahidəçilik edib), Babayev Məmməd (32 saylı seçki məntəqəsində müşahidəçilik edib), eyni zamanda 72 saylı Yardımlı-Masallı seçkidairəsinin 80 saylı məntəqəsində adıçəkilən namizədin maraqlarını təmsil edən müşahidəçilər Alışov Nəzir və Mustafayev Ərəstun bəyanatlarında qeyd edirlər ki, seçki məntəqələrində səhər saat 07.30-dan səsvermə başa çatana qədər bütün prosesi izləmiş, istər səsvermənin gedişində, istərsə də səslərin sayılması prosesində heç bir qanun pozuntusu ilə qarşılaşmamışlar.

Seçkilərin nəticələrindən razılıq ifadə edən bəyanat müəllifləri seçki məntəqəsinin yekun protokollarının qanunverciliyin tələblərinə uyğun tərtib edildiyini və protokolların təsdiq edilmiş surətinin müşahidəçilərə, namizədlərin səlahiyyətli nümayəndələrinə və məşvərətçi səshüquqlu üzvlərinə verildiyini qeyd edirlər. Seçkilərin tam şəffaf, azad və demokratik şəraitdə keçdiyini vurğulayan həmin şəxslər bütün prosedurların Seçki Məcəlləsinin tələblərinə uyğin icra olunduğunu bəyan edirlər. Bəyanatların surətlərinin MSK-ya da göndərildiyi bildirilir.

AzNews.az