“Azərbaycan heç bir ölkənin müstəmləkəsi deyil”- Fuad Muradov

18 Oktyabr 2013 12:02 (UTC+04:00)
"Avropa Parlamentinin bir sıra deputatlarının Azərbaycanda keçirlimiş prezident seçkilərinə dair AŞPA-nin və Avropa Parlamentinin müşahidə missiyasının rəyini şübhə altına salması öz həmkarlarına qarşı hörmətsizliyidir".

Bu sözləri Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavini Fuad Muradov bəyan edib.

Deputat qeyd edib ki, Avropa Parlamentinin bütün siyasi qrupları tərəfindən razılaşdırılımış nümayəndələri Azərbaycanda keçilən prezident seçkilərini izləyiblər və bu müşahidə qrupu Avropa Parlamentinin Beynəlxalq Komitəsinin qərarı əsasında formalaşıb.

"Avropa Parlamentinin deputatlarının əksəriyyəti vicdanlı adamlardır. Amma onların arasında erməni lobbisinə işləyən, onların təsiri altında olan, sırf dini mənsubiyyət baxımından Azərbaycanı istəməyən deputatlar da var. Məsələn, onlardan biri cənab Maykl Tannokdur. Bu həmin o deputatdır ki, bütün günü Dağlıq Qarabağın separatçıları ilə Brüssledə görüş keçirir. Və yaxud Anna Gomes. Portuqaliyanın Sosialist Partiyasından Avropa Parlamentinə seçilən bu deputat ermənilərin Azərbaycana torpaq iddiasını açıq şəkildə dəstəkləyir. Bir sıra avropalı deputatların seçkilərlə bağlı AŞPA, Avropa Parlamenti müşahidə misisyasının rəylərini qəbul etməməsi ilə bağlı mövqeyini başa düşmək olmur"- deyə F.Muradov vurğulayıb.

Milli Məclisin üzvünün fikirncə, belə mövqe tuan deputatlar əslində öz həmkarlarına qara yaxırlar. "Gah bizi günahlandırırlar ki, Avropa deputatlarını hansısa əlaqələr hesabına təsir altında saxlayarıq. Gah deyirlər Avropalı deputatların mövqeyi düz deyil. Bu nə deməkdir? Belə çıxır ki, bu adamlar öz deputat həmkarlarını təhqir edirlər.Görünür bu proses Azərbayacana qarşı məqsədyönlü şəkildə həyata keçirilən tədbirlərdir"- deyə F.Muradov vurğulayıb.

Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olaraq Fuad Muradov İngiltərənin ölkəmizdəki səfiri İrfan Sıddıqın bu günlərdə verdiyi müsahibəsində seçkinin nəticələri ilə bağlı açıqladığı mövqeyinə etirazını bildirib. "Böyük Britaniyanın Azərbaycandakı səfiri deyir ki, izlədiyi məntəqədə səslərin sayılması pis olub. Ola bilsin onun olduğu məntəqədə hansısa problemlər olub. Seçkini müşahidə edən Avropa Şurasının nümayəndə heyətinin rəhbəri cənab Robert Uolter olub. O da İngiltərədəndir. Belə çıxır ki, AŞPA-da İngiltərəni təmsil edən Uolterin mövqeyi cənab səfirin vecinə də deyil? Bu məsələlərin bəziləri bilməməzlikdən ortaya çıxır. Bəziləri qəsdən bu problemləri şişirdib ortyaya qoyurlar. Həmişə Avropa Şurasının və Avropa Parlamentinin mövqeyi üstün olub. İndi nə oldu? Bunlar deyir biz ATƏT-in mövqeyini dəstəkləyirik? Biz də Britaniya KİV-lərində səfir Irfan Sıddıqa ünvanlanmış bir sıra ittihamları oxumuşuq. Amma diplomatik etiketə uyğun olaraq heç bir münsibət bildirməmişik. İndi bütün Azərbaycan üzrə seçkinin nəticələrini şübhə altına almaq hansı diplomatik etiketə sığır? Azərbaycan heç bir ölkənin müstəmləkəsi deyil"- deyə F. Muradov bildirib.

Deputat qeyd edib ki, bu Azərbaycana qarşı ikili standartın təzahürüdür. "Çox təəsüf ki, Azərbaycanda bəzi daxili düvvələr də ölkəmizə qarşı aparılan kampaniyada vasitəçi olurlar".

AzNews.az