Xatirə İslam: “Mənim qabağımda heç kim at oynada bilməz”

18 Oktyabr 2013 20:22 (UTC+04:00)
"Məni şirin dillə ram edib, ağlımı başımdan almaq olar"


"İşlər o qədər çoxdur ki, çatdıra bilmirəm. Rüfət Axundovla "Küsmə, küsmə" adlı mahnımız var. İnşallah, Rüfət Həcc ziyarətindən qayıtsın, ərəb ölkələrindən birində klip çəkdirəcəyik. Mahnının sözləri Vüqar Şiriyevə, sözləri isə Rəşaq Bağırova aiddir. Klarnetçi isə Tunardır"- müğənni Xatirə İslam bizimlə söhbətə yaxın gələcək üçün planlarından danışmaqla başlayır. Elə işlərinin çoxluğundandır ki, müğənni ilə söhbətimiz onun avtomobilində baş tutdu. Bizi düşündürən sualları verdik, Xatirə İslam da elə yoldaca həmin sualları cavablandırmağa çalışdı.

- Xatirə İslam bir cümlə ilə özünü necə təqdim edərdi?

- Heç vaxt obraza girə bilməyən Xatirə.

- Sizi kim ram edə bilər?

- Tək övladım. Bir də şirin dil.

- Kompleksli insansınızmı?

- Yox. Bir az köklüyüm narahat edir məni, ona görə də pəhrizdəyəm. İdmanı sevmirəm, arıqlamaq üçün dərman atmıram. Pəhrizlə arıqlamaq çətin də olsa, çəki vermək üçün bu yolu seçdim. Nəticə gec görünür. Amma mənim üçün sağlamlığım vacibdir. Ona görə ancaq pəhrizlə arıqlamaq lazımdır.

- Deyirlər Xatirə dözülməz insandır…


- Qətiyyən. Asan başa düşülən insanam. Yaxşı xasiyyətim var. Kaprizlərim yoxdur. Müğənni var hələ bir ildir səhnədədir, köməkçi burdan gəlir, prodüser ordan gedir. Nə bilim, mən belələrini başa düşə bilmirəm. Mən 15 ildir səhnədəyəm, ətrafımda olan bir insanı incitməmişəm. İstər köməkçi, istər prodüser, istərsə də başqa kimlərisə. Mənim köməkçim Azər Kərimovdur. O gəlib maşının qapısını açana kimi özüm açıb düşürəm. Mən nəyəmsə oyam. Özümü dəyişə bilmirəm.

- Xatirə İslam xoşbəxtdir?


- Bəli, həyat yoldaşım, övladım, sənətim, məni sevənlər var. Necə naşükür olum? Həm də dəyişkən, ikiüzlü olmadığım üçün xoşbəxtəm. Necəyəmsə, elə də qalmışam. 15 il bundan əvvəl mənim dostlarım, əhatə dairəm kimlər idisə, bu gün də onlardır. İstəsəm deyərəm yox, daha mən "ulduzam". Məsələn, telefonları götürmərəm. Amma mənə kim zəng edirsə, tez Azərə deyirəm ki, məni onunla calaşdır. Bəziləri kimi özümü dartmıram. İmkansız, məşhur olmadığım zamanlarda dostluq etdiyim adamları indi uzaqlaşdırım, yenilərini tapım, bu, mənə yaraşmaz.

- Çoxları deyir ki, bu vəziyyətə gəlib çatana qədər çox əziyyət çəkib. Xatirə islam bu barədə nə deyir?


- Çox həddindən artıq.

- Bu yolda nələri qurban verdiniz?

- Heç nəyi qurban vermədim. Hər zaman ürəyim nə istəyib onu da eləmişəm. Bu gün də edirəm. Sadəcə olaraq qabaqlar efirə çıxmaq, gündəmə gəlmək çətin idi. İndi isə hər şey asandır. Biz nə iş görsəydik müzakirəyə qoyulurdu. Amma indikilər at oynadır. Bunu alqışlayıram. Kaş bizdə də belə olardı. Bizi çox qılınclayırdılar. İndi çox gəncimiz var ki, qarışqa kimi işləyir.

- Hansı xasiyyətinizi dəyişmək istərdiniz?

- İlk dəfə sizə səmimi olaraq deyirəm ki, tez açılışıram. İndi gördüyüm bir adama sabahkı planlarımdan danışıram. Kim olursa olsun, tez açılıram. Bu xasiyyətimi dəyişmək istəyirəm. Mən də, Nanə də, Aygün Kazımova da beləyik. Elə bil üçümüzü də eyni ana doğub.

- Kimə qulaq asırsınız?

- Özümdən başqa hamıya. Yaxşı oxuyanlara qulaq asıb, sözün əsl mənasında həzz alırıq. Pis oxuyanlara da qulaq asıb ələ salırıq, gülürük ki, belə də oxuyan olar?

- Bəs kimin sözünə qulaq asırsınz?

- Hamının. Amma axırda öz bildiyimi edirəm. Özümü o qədər sevirəm ki… Amma bir adam var, onu özümdən də çox sevirəm. Baş hərfi "E"dir. Təzə sevgilimdir. Neynəyim get yaz. Təzə oğlanımın adı "E"dir.

- Əsəbi insansınız?

- Çox əsəbiyəm. Mən anadan belə doğulmuşam.

- Bəs sizi özünüzə kim və nə qaytarır?

- Beşcə dəqiqə vaxt. Sonra oluram həminki Xatirə.

- Müğənnilərin toy qiymətləri qalxıb, siz necə?

- Mən bu haqda heç vaxt danışmamışam, danışmayacağam da. Hətta internetdə müğənnilərin toy siyahılarında adım da var, qiymət də. Ancaq orda yazılanlar düz deyil. Biz o qiymətə getmirik. Səhv yazılıb. Aşağı-yuxarısını demirəm. Sadəcə onu deyim ki, bizim qiymətimiz o deyil. Qiymətimiz ümumiyyətlə, həmişə səhv yazılır.

- Toy olmasa müğənnilərin aqibəti neçə olar?

- Ooooo, çox pis. Nə danışırsınız? Müğənnilərin gəlir yeri ancaq toydur.

- Xatirə xanım, indi müğənnilərin çoxunun biznesi var. Sizin ikinci gəlir yeriniz yoxdur?

- Yox. Bilirəm ki, bir çox qadın və kişi müğənnilərimizin biznesi var. Amma gərək mütləq mən də bu haqda fikirləşim. Qabaqcadan demirəm. Alınsın, görüşərik.

- Günahlarınız çoxdur?

- Yox, günahlarım azdır. Savab işlərim daha çoxdur. Əlbəttə düzünü yenə Allah bilər.

- Sadəsiniz?

- Bəli. Hətta yanımda kimsə yekəxanalıq edəndə başım xarab olur ki, heç mən belə eləmirəm, sən buna bax. Məni sadəliklə, şirin dillə ram etmək asandır. Mənim qabağımda heç kim at oynada bilməz. Respublikada elə adam yoxdur ki, məni təəccübləndirsin. Məni öldürmək, qorxutmaqdan asandır. Məni ancaq şirin dillə ram edib, ağlımı başımdan almaq olar.

- Bədxərcsiniz?

- Çox. Hələ ailə qurandan düzəlmişəm. Nişanımda 3500 manata bir ayaqqabı almışdım. Ayaqqabıya çox pul verirəm.

- Tez qərar verirsiniz?

- Bəli. Sonra da peşman oluram.

- Rəfiqələriniz çoxdur, yoxsa..?

- Rəfiqələrim çox azdır.

- İndiyə qədər heç psixoloq yanına getmisiniz?

- Yox, ehtiyacım olmayıb.

- Hədiyyə verməyi, yoxsa almağı sevirsiz?

- Hər ikisini.

- Vasvası insansız?

- Of, bu mənim yaralı yerimdir. Bəli, çox vasvasıyam.

- Deyəsən siz həm də həkimsiniz…

- Bəli mən ginekologiyanı bitirmişəm. Hal-hazırda qadın həkimi işləyə bilməsəm də, mamaça ola bilərəm. Çox da gözəl fərasətim var. Mən damara iynə vuranda ilk dəfədən damara düşürəm. Mən "damar Xatirə"yəm".

- Borc verməyi, yoxsa almağı sevirsiz?

- Əslində heç birini. Başıma elə bil hadisə gəldi ki, sonra məscidə gedib əlimi "Quran"a basıb tövbə etdim.

- Sizcə müğənni oynamalıdır, yoxsa oxumalı?

- Oxusa yaxşıdır. Amma oynamağı bacarmalıdır. Mən kök olduğum üçün oynaya bilmirəm.

- Milli dəyərlərdən hansını özünüzdə saxlamısınız?

- Məni öldürsələr də, söysələr də, böyüklərə cavab qaytara bilmirəm. İstər Flora Kərimova olsun, istərsə də İlhamə Quliyeva. Baxmayaraq ki, onlar küsülüdürlər. Ancaq mən ikisini də sevirəm. Sözlərindən də çıxmaram. Lap məni söysələr də cavab qaytarmaram.

- Uğur sizin üçün hansı nöqtədədir?

- Birinci nöqtədə. Bu günə şükür. Sənətimə görə istədiyim qədər uğur qazanmamışam, amma səbr edib dözürəm ki, kimin yalançı işlərlə məşğul olduğu, kimin sənətdən xəbərinin olmaması, kimin səsini kompüterdə düzəltməsi, kim canlı oxuması ortaya çıxacaq. Gec də olsa
hər şey ortaya çıxacaq.

- Kimdən küsürsünüz?

- Mənim bu şou-biznes əhli arasında küsdüyüm bir adam ola bilməz, bu mümkünsüzdür.

- Qısqancsınız?

- Qətiyyən.

- Boşluğunuzu kim doldurur?

- Övladım.

- Yaxın zamanda konsert düşünürsünüz?

- Bəli, yaxın gələcəkdə.


Aygün
AzNews.az