“Pokrov” bazarı boşaldıldı

18 Oktyabr 2013 15:11 (UTC+04:00)
Rusiyada azərbaycanlıların çalışdıqları ən böyük bazar sayılan "Pokrov" bazarı tam boşaldılıb.


Bunu Moskva Ticarət və Xidmət Departamentinin rəhbəri Aleksey Nemeryuk söyləyib.

Bu bazardakı məhsulların Moskvadakı 14 böyük topdansatış ərzaq bazasına daşınması barədə razılıq əldə olunub. Onun sözlərinə görə, "Pokrov" bazarında 140-dan çox sahibkar-icarədarın məhsulu olub və həmin məhsullar 700 yük maşını ilə daşınıb. Regionlardan "Pokrov" bazarına gələn ərzaq məhsulları yüklənmiş maşınlar da bu bazalara istiqamətləndirilir. Aleksey Nemeryuk Moskva meriyasında keçirilən toplantıda bildirib ki, "Pokrov" bazarının bağlanmasından sonra şəhərdə ərzaq məhsullarının qiymətinin bahalaşması da müşahidə edilmir. O, "Pokrov" bazarının dövriyyəsinin il ərzində 1 milyon ton təşkil etdiyini də açıqlayıb.

Moskva meri Sergey Sobyanin isə şəhərdə müasir və böyük ticarət mərkəzlərinin tikilməsinin zəruri olduğunu, bunun üçün 3 sahənin nəzərdə tutulduğunu söyləyib. O nəzərə çatdırıb ki, son 2,5 il ərzində Moskvada 30 bazar və 10 min kiçik mağaza bağlanılıb.

Qeyd edək ki, Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 10-da Moskvanın Biryulevo rayonunda Yeqor Şerbakov adlı gənci öldürməkdə şübhəli sayılır. Hadisədən 3 gün sonra rus millətçiləri azərbaycanlıların çalışdığı "Pokrov" bazarına hücum çəkib, çoxlu sayda insana xəsarət yetirilib, ticarət mərkəzinə ciddi maddi ziyan dəyib.

Rusiya polisi oktyabrın 16-da Orxan Zeynalovu Moskva ətrafındakı Kolomna yaşayış məntəqəsində həbs edib. Orxan Zeynalovun həbsi zamanı hüquq-mühafizə orqanlarının kobud davranışı Azərbaycanda ciddi etiraz doğurub. Orxan Zeynalov məhkəmədə Yeqor Şerbakovu qətlə yetirmədiyini söyləyib.(lent.az)

AzNews.az