Metronun Avtovağzal stansiyasının tikintisi başa çatır (FOTO)

18 Oktyabr 2013 15:58 (UTC+04:00)
Tikintisi başa çatmaq üzrə olan Bakının Avtovağzal metrostansiyasının ərazisinə daxil olduqda diqqətimizi ən çox cəlb edən ortalıqda quraşdırılmış lift oldu. Bakı metrosunda yenilik sayılan bu lift Avtovağzal metrosunun mərkəzi hissəsində əlil, yaşlı, xəstə insanlar üçün nəzərdə tutulub. Eskalatora minə bilməyən, ümumiyyətlə tuneldə çətin hərəkət edən insanlar qatardan çıxan kimi birbaşa bu lift vasitəsilə metrostansiyanın həyətinə çıxa biləcəklər.

Gələn ilin yanvar ayında istifadəyə veriləcək "Avtovağzal" metrostansiyasında işlər artıq yekunlaşmaq üzrədir. Sahə rəisi Kamandar Həsənovun anspress-ə verdiyi məlumata görə, hazırda stansiyanın içərisi təmir olunur. Təmir başa çatdıqdan sonra stansiyaya avadanlıqlar gətiriləcək.

Onun sözlərinə görə, bu stansiya digər metro stansiyalarından bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Əvvəlki stansiyalarda platformanın uzunluğu 98 metr idisə, bu stansiyada platformanın uzunluğu 150 metr olacaq. Əvvəlki stansiyalarda vaqonların sayı 5 idisə, yeni xətlərdə ən müasir sistemlərlə təchiz olunmuş 7 vaqonlu qatarlar hərəkət edəcək. Stansiyalarda sərnişinlərin təhlükəsizliyini təmin edən şüşə qapılar (PSD) quraşdırılacaq. Təhlükəsizlik tədbirlərindən biri də stansiyaların hər bir nöqtəsinin müşahidə kameraları ilə idarə olunmasıdır. Təhlükəsizliklə yanaşı, sərnişinlərin rahatlığı da nəzərə alınıb.

Belə ki, metroda ventilyasiya sistemi yanaşı, kondisioner sistemi də tətbiq olunacaq. Bununla da qışda metroda sərnişinlər soyuqdan, yayda isə istidən əziyyət çəkməyəcək. Eskalatorlardan əlavə liftlər və travelatorlar quraşdırılacaq. Xüsusən də fiziki cəhətdən qüsurlu olanlara rahat şərait yaradılacaq. Stansiyanın 7 çıxışı olacaq. Yanğın təhlükəsizliyi məqsədilə ən müasir optimal sistemlər tətbiq olunacaq.

AzNews.az