“Pokrov” bazarının təhlükəsizliyini qoruyan şirkətin rəhbəri həbs edildi

18 Oktyabr 2013 18:08 (UTC+04:00)
"Pokrov" bazarının Azərbaycan əsilli baş direktoru federal axtarışa verildi

Moskvada rus millətçilərinin hücumundan sonra bağlanmış "Pokrov" bazarının təhlükəsizliyini qoruyan "Konkord" mühafizə şirkətinin rəhbəri Viktor Kotelevsk həbs edilib.

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Moskvanın Presensk Məhkəməsi Viktor Kotelevsk barədə 2 ay həbs qərarı çıxarıb.

Viktor Kotelevsk qeyri-qanuni miqrasiyanın təşkilində günahlandırılır. O, 30 ilə yaxın Rusiyada hüquq-mühafizə orqanlarında çalışıb, işində hər hansı nöqsan qeydə alınmayıb.

Qeyd edək ki, yaxın saatlarda məhkəmə "Pokrov" bazarını idarə edənlərdən biri olmuş Məhəmməd Çurilov barədə qərar verəcək. "Pokrov" bazarının baş direktoru Əlisahib Hacıyev isə federal axtarışa verilib.

Qeyd edək ki, Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 10-da Moskvanın Biryulevo rayonunda Yeqor Şerbakov adlı gənci öldürməkdə şübhəli sayılır. Hadisədən 3 gün sonra rus millətçiləri azərbaycanlıların çalışdığı "Pokrov" bazarına hücum çəkib, çoxlu sayda insana xəsarət yetirilib, ticarət mərkəzinə ciddi maddi ziyan dəyib.
Rusiya polisi oktyabrın 16-da Orxan Zeynalovu Moskva ətrafındakı Kolomna yaşayış məntəqəsində həbs edib. Orxan Zeynalovun həbsi zamanı hüquq-mühafizə orqanlarının kobud davranışı Azərbaycanda ciddi etiraz doğurub. Orxan Zeynalov məhkəmədə Yeqor Şerbakovu qətlə yetirmədiyini söyləyib.

AzNews.az