"Xalqa ləyaqətlə xidmət edəcəyəm"- Prezident and içdi (Yenilənib)

19 Oktyabr 2013 10:32 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin oktyabrın 19-da Milli Məclisdə təntənəli andiçmə mərasimi keçirilib.

Mərasimdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları, siyasi partiyaların, ictimai təşkilatların, ölkə ictimaiyyətinin nümayəndələri, xarici ölkələrin səfirləri iştirak edirlər.

Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olunub.

Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə, gurultulu və sürəkli alqışlarla qarşıladılar.

Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının dövlət bayrağını və Azərbaycan Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətiriblər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olunublar.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək deyib:

"Hörmətli xanımlar və cənablar! Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2013-cü il 19 oktyabr tarixli qərarı ilə Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan edib.

Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə andiçməyə dəvət olunur".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikasının Konstitusiyasının üzərinə qoyaraq and içib: "Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!"

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Sonra Prezident müqəddəs Qurani-Şərifə əl basaraq and içdi: "Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam. Prezident İlham Əliyev təzim edərək, Azərbaycanın dövlət bayrağını öpdü".

Azərbaycanın dövlət bayrağı və Azərbaycan Prezidentinin ştandartı (bayrağı) səhnədən aparılı.b

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində geniş nitq söyləyib.

***
11:14
Bu gün 9 oktyabr Azərbaycan Respublikası Prezidentliyinə seçkilərdə qələbə qazanmış İlham Əliyevin andiçmə mərasimi keçirilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, mərasim parlamentin iclas zalında təşkil olunub.

Mərasimdə dövlət rəsmiləri, hökumət üzvləri və deputatlar iştirak edirlər.

Qeyd edək ki, andiçmə mərasiminin bu gün keçirilməsi barədə məlumatı Publika.az saytı yazmışdı.

Xatırladaq ki, oktyabrın 9-da keçirilmiş prezident seçkilərində Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 84,54 faiz (3 126 113 seçici) səs toplayaraq böyük üstünlüklə qalib gəlib.

Digər namizədlərin səsləri isə belədir:

Cəmil Həsənli - 5,53% (204 642 səs)
İqbal Ağazadə - 2,40% (88 723 səs)
Qüdrət Həsənquliyev - 1,99% (73 702 səs)
Zahid Oruc - 1,46% (53 839 səs)
İlyas İsmayılov - 1,07% (39 722 səs)
Araz Əlizadə - 0,87% (32 069 səs)
Fərəc Quliyev - 0,86% (31 926 səs)
Hafiz Hacıyev - 0,66% (24 461 səs)
Sərdar Məmmədov - 0,61% (22 773 səs)

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin bu gün keçirilən Plenumunda seçkinin nəticələri təsdiqlənib və seçkidə 84,54 faiz səs toplayan İlham Əliyev prezident elan edilib.

AzNews.az