“Orxan Zeynalov məsələsi əsassız formada şişirdilib“- Araz Əzimov

21 Oktyabr 2013 09:12 (UTC+04:00)
Kriminal bir hadisə baş veribsə, onun istintaqı və məhkəməsi normal və qanunvericilik çərçivəsində həyata keçirilməlidir. Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Moskvada qətl hadisəsində ittiham olunan Orxan Zeynalovun məsələsinə münasibət bildirərkən qeyd edib.

A.Əzimov bildirib ki, Azərbaycan öz vətəndaşının başqa bir ölkənin ərazisində bu cür hadisə ilə əlaqəli olmasını nəzərdən keçirib, bu prosesin qanunvericilik əsasında transparent şəkildə həyata keçirilməsinin nəinki tərəfdarıdır, həm də bunu tələb edir.
XİN müavini deyib ki, buna dair müvafiq beynəlxalq prinsiplər və normalar, müvafiq qanunvericilik normaları var:"Azərbaycan bunun üstündə dayanacaq".

A.Əzimovun sözlərinə görə, "digər tərəfdən müşahidə etdiyim kimi, Rusiyada bu məsələ hədsiz və əsassız forma və dərəcədə şişirdilib və ictimailəşdirilib: "Bunun arxasında kimin durduğunu bilmək istəyərdim. Bu cür xoşagəlməz hallar baş verə bilər. Bildiyiniz kimi, Rusiyada kriminal vəziyyət çox gərgindir. Moskva kimi böyük bir şəhərdə, onun müxtəlif bölgələrində həmin günlərdə başqa hadisələr də baş verib. Lakin o hadisələrə ictimaiyyətin fikri bu qədər yönəlməyib. Hansısa sünilik müşahidə olunur".

XİN müavininin fikrincə, Rusiya-Azərbaycan əlaqələrinə hansısa mənfi təsir etmək istəyənlər varsa, sonradan bumeranq kimi kiməsə qayıtmaması üçün bunu gərək düzgün dəyərləndirsinlər.

AzNews.az