Sumqayıt İH-dən aksiya xəbərinə reaksiya- Yenilənib

21 Oktyabr 2013 11:28 (UTC+04:00)
Sumqayıt Şəhər İcra Hakimiyyətindən AzNews.az-a verilən məlumata görə, hazırda şəhər rəhbərliyi icra hakimiyyətinə gələn sahibkarlara qrup şəklində görüşür.

İcra hakimiyyətindən o da qeyd olunub ki, hazırda sahibkarlar tərəfindən heç bir aksiya keçirilmir: "Yanğın nəticəsində xeyli insana ziyan dəyib. Onlar da bu məsələnin necə həll olunmasından narahatdırlar. Burda da səlahiyyətli şəxslər həmin adamları qəbul edirlər. İcra Hakimiyyəti həmin şəxslərə kömək etməyə çalışacaq".

Qeyd edək ki, oktyabrın 19-da Sumqayıtda yerləşən "Karvan" Ticarət Mərkəzində yanğın hadisəsi baş verib. Hadisə sahibkarlara məxsus ticarət obyektlərinə ciddi ziyan dəyib.

***
12:18
"Karvan" Ticarət Mərkəzinin sahibkarları bu dəqiqələrdə Sumqayıt şəhər icra hakimiyyətinin binası qarşısına toplaşırlar.

"Axar.az" xəbər verir ki, sahibkarlar şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovla görüşmək və kompensasiya almaq məsələsini müzakirə etmək istəyirlər.

Hadisə yerində olan "Dünya" TV-nin Xəbərlər departamentinin direktoru Nizami Rəsulovun "Axar.az"a dediyinə görə, icra hakimiyyətinin qarşısı həddən artıq qələbəlikdir və zərərçəkən sahibkarların axını davam etməkdədir: "Eldar Əzizov yerində yoxdur, ona görə də onları kimin qəbul edəcəyi bilinmir".

Qeyd edək ki, Eldar Əzizovun müavinləri sahibkarlarla icra hakimiyyətinin binası qarşısında görüşürlər.

AzNews.az