Neft Fondundan gəlir və xərclərlə bağlı açıqlama

21 Oktyabr 2013 13:04 (UTC+04:00)
2013-cü ilin yanvar–sentyabr ayları ərzində Neft Fondunun büdcə gəlirləri 10 086,0 milyon manat, büdcə xərcləri isə 8 746,7 milyon manat təşkil edib.

Dövlət Neft Fondundan (ARDNF) AzNews.az bildirilib ki, 2013-cü ilin yanvar-sentyabr ayları ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 9 774,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 9 766,8 milyon manat, akrhesabı ödənişlər 1,7 milyon manat, tranzit gəlirləri 6,0 milyon manat, bonus ödənişləri 0,3 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,06 milyon manat təşkil edib.

Ötən 9 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 311,2 milyon manata bərabər olub. Hesabat dövrü ərzində Neft Fondunun 2013-cü il büdcəsinin icrası çərçivəsində 8 339,9 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 249,3 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 106,4 milyon manat vəsait ayrılıb. "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 10,9 milyon manat vəsait ayrılıb. 12,4 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib.

2013-cü ilin 9 ayı ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 27,8 milyon manat təşkil etmişdir. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərci 38,7 milyon manat təşkil edib. 2013-cü il oktyabrın 1-ə Fondun aktivləri 2013-cü ilin əvvəlinə (34 129,4 milyon ABŞ dolları) nisbətən 4,9 faiz artaraq 35 809,2 milyon ABŞ dollarına bərabər olub. 2012-ci ildən etibarən Neft Fondu qızılın alınmasına başlayıb və 1 oktyabr 2013-cü il tarixinə Fond tərəfindən alınmış qızılın miqdarı 26 442,5 kq (850 146 troya unsiyası) təşkil edib.

AzNews.az