Arif Hacılı: “Rəsul Quliyevin ictimai-siyasi proseslərə təsir imkanı yoxdur”

21 Oktyabr 2013 13:29 (UTC+04:00)
"Demokratik Qüvvələrin Milli Şurası ona nüfuz gətirməyən təşkilatlardan təmizlənməlidir".


Bu açıqlamanı AzNews.az-a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı verib.

O deyib ki, Demokratik Qüvvələrin Milli Şurada təmsil olunan partiya və təşkilatlar seçki prosesi zamanı göstərdikləri fəaliyyət, onların əməkdaşlıqda nə qədər səmimi olduqlarını göstərdi.

Onun sözlərinə görə, seçki prosesi dövründə bəzi təşkilatlar Milli Şuranın fəaliyyətində demək olar ki, iştirak etməyib: "Belə təşkilatların bu qurumda qalmasının mənası yoxdur. Əlbəttə, belə qurumların sayı çox deyil. Lakin ümumi işin xeyrinə olmaq üçün bu cür qurumların Milli Şuranın üzvü kimi adlarının hallanmasına da ehtiyac görmürəm".

A.Hacılı bir neçə gün öncə Açıq Cəmiyyət Partiyasının (ACP) keçmiş lideri Rəsul Quliyevin Milli Şuranın sıralarını tərk etməsinə də öz münasibətini bildirib: "Son illər Rəsul Quliyevin açıqlamaları, bundan başqa onun ölkənin ictimai-siyasi mühitinə təsir etmək imkanının olmaması mənə əsas verir ki, bu barədə o qədər də çox danışmayam".

Ramil Məmmədli
AzNews.az