Diri-diri yananların ailəsi “Bakıelektrikşəbəkə”ni məhkəməyə verdi

21 Oktyabr 2013 14:29 (UTC+04:00)
Avqustun 2-də Xəzər rayon, Şüvəlan qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı "Arzu" düşərgəsində 12 yaşlı Kənan Fətiyev və əmisi 33 yaşlı Habil Fətiyevin ölümü ilə nəticələnən hadisəylə bağlı ailəsi "Bakıelektrikşəbəkə"ni məhkəməyə verib.

Bu barədə Lent.az-a H. Fətiyevin həyat yoldaşı Xanım Əhmədova deyib. Onun sözlərinə görə, H. Fətiyevin atası Əmir Fətiyev, anası Məleykə Mirkişiyeva, Kənanın atası Əlabbas Fətiyev və Xanım Fətiyevanın adından Xəzər rayon məhkəməsinə ərizə ilə müraciət ediblər.

"Baş Prokurorluğa, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya da müraciət etmişik. Heydər Əliyev Fondunda olanda bizi Mehriban Əliyevanın xalası qızı qəbul etdi. Dedi, gedin, bir həftə ərzində sizə "Bakıelektrikşəbəkə"dən cavab gələcək. Artıq 20 gün keçib. Amma səs-soraq yoxdur. Baş prokurorluqdan da çağırmışdılar. Adını bilmədiyim bir nəfər dedi ki, arxayın olun, bu işə baxacağıq"-deyə, X. Fətiyeva bildirib.

X. Fətiyeva onu da vurğulayıb ki, hadisə baş verən vaxtı Bakıelektrikşəbəkə"dən onlardan şikayət etməyəcəkləri təqdirdə yas mərasiminin bütün xərclərini ödəniləcəyi və H. Fətiyevin yetim qalmış üç azyaşlı körpəsinə 18 yaşlarına qədər baxılacağı ilə bağlı vəd verilib. Bu səbəbdən də imkansız olan ailə şikayətçi olmayıb. Lakin o vaxtdan bəri sözügedən müəssisədən onlara nəinki yardım olub, hətta başsağlığı belə verilməyib.

Qeyd edək ki, K. Fətiyev və H. Fətiyev sentyabrın 2-də Xəzər rayon, Şüvəlan qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı "Arzu" düşərgəsində səhlənkarlıq ucbatından cərəyan vurmasından vəfat ediblər. Faktla bağlı cinayət işi açılıb.

AzNews.az