“Azəriqaz”dan qış açıqlaması: “Çalışırıq problem olmasın”

21 Oktyabr 2013 15:50 (UTC+04:00)
Qış qapını kəsdirib. Qeyri-sabit hava şəraiti ilə müşayiət olunan payız mövsümündə bir sıra rayonlara artıq qar da yağıb. Ötən il oktyabrında yağan qar ölkəmizin bir sıra sahələrdə, o cümlədən qaz təchizatında problemlər olduğunu göstərdi. Bəs, bu il qışa hazırlıq hansı vəziyyətdədir?

Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən bildirilib ki, abonentlərinin ötən ilki qaz böhranı ilə yenidən qarşılaşmaması üçün bütün tədbirlər görülüb. Qurumun mətbuat xidmətinin rəhbəri Araz Ağayev AzNews.az-a bildirib ki, bu ilki hazırlıqlara ötən mövsümün təhlili ilə başlayıblar.

Onun sözlərinə görə, 2012-2013-cü ilin payız-qış mövsümü başa çatdıqdan sonra, aparılan təhlillərin nəticələrinə uyğun olaraq yeni mövsüm üçün tədbirlər planı hazırlanıb. Tədbirlər Planı üzrə qarşıya qoyulan işlərin böyük bir hissəsi artıq icra olunub: "İndi 2013-2014-cü il payız-qış mövsümü ilə bağlı xüsusi tədbirlər planına uyğun olaraq Bakının və regionların yerli qaz istismarı sahələri tərəfindən mənzillərə texniki baxış keçirilir. Bütövlükdə qazpaylayıcı şəbəkəyə baxış keçirilib. Ehtiyac olan yerlərdə siyirtmə və qaztənzimləyicilər qoyulub. Baxış zamanı nasazlıq aşkar olunan qaz xətləri və qaztənzimləyicilər dəyişdirilib. Kiçik diametrli qaz xətləri dəyişdirilərək böyük diametrli xətlərlə əvəzlənib. Həmçinin, bu mövsümdən bəzi qaz olamayan ərazilərlə yeni xətlər çəkilib".

Bu işlərin bütün ölkə üzrə fəaliyyət göstərən Qaz İstismar sahələrində aparıldığını bildirən A.Ağayev deyib ki, ölkədə kifayət qədər qaz ehtiyatı var: "Çalışırıq ki, qazın istismarında hər hansı problem yaranmasın. Görülən tədbirlər məhz bu məqsədlədir".

Ruhiyyə
AzNews.az