Volqoqradda 3 günlük matəm elan edildi

22 Oktyabr 2013 07:08 (UTC+04:00)
Volqoqradda terror aktı nəticəsində xəsarət alanlardan 4 nəfərini Moskvaya gətirən Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi mənzilbaşına çatıb.

Xəsarət alanlardan biri qadın, digəri isə kişi olmaqla ikisinin vəziyyəti xüsusilə ağırdır. Digər iki nəfərin vəziyyəti isə stabil ağır kimi qiymətləndirilir.

Təyyarənin göyərtəsində yaralıların qohumları da olub. Həkimlər isə uçuş zamanı yaralıların yanında olaraq onların sağlamlıq durumunun ağırlaşmamasına nəzarət ediblər.

Qeyd edək ki, Volqoqrad vilayətində bu gecədən etibarən terror qurbanlarının xatirəsinə 3 günlük matəm elan edilib. Regionda kütləvi əyləncəli tədbirlər təxirə salınıb. Yerli tedlekanallar əyləncəli verilişlərdən imtina ediblər. Vilayət ərazisində isə dövlət bayraqları endiriləcək.

Xatırladaq ki, ötən gün Rusiyanın Volqoqrad şəhərində "LiAZ" markalı avtobusun salonunda qadın kamikadze partlayış törətmişdi. Hadisə nəticəsində 6 nəfər ölüb, 28 nəfər isə yaralanıb. Xəsarət alanlardan 8-nin vəziyyəti ağırdır.

Avtobusda partlayışı 30 yaşlı Dağıstan vətəndaşı Naida Axiyalavonın törətdiyi bildirilir. Təhqiqatçıların məlumatına görə, qadın dayanacaqlardan birində avtobusa minib və dərhal partlayış baş verib.(anspress)

AzNews.az