Parlament işdən çıxarılan hakimləri müzakirə edəcək

22 Oktyabr 2013 07:45 (UTC+04:00)
Milli Məclisin bu gün keçiriləcək iclasında ümumilikdə 31 məsələyə baxılacaq.

Milli Məclisin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, müzakirəyə çıxarılacaq qanun layihələri və qərarlar içərisində Bakı Apelyasiya Məhkəməsinin hakiminin təyin edilməsi, Bakı, Gəncə və Şirvan Apelyasiya məhkəmələrinin hakimlərinin vəzifədən azad edilməsi, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının III Zirvə Toplantısının Bəyannaməsinin, Azərbaycan və Gürcüstan hökumətləri arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması, azaldılması sahəsində əməkdaşlığa dair sazişin, Azərbaycan hökuməti və Avropa İnvestisiya Bankı (AİB) arasında AİB-in Azərbaycan Respublikasında fəaliyyətini tənzimləyən çərçivə sazişin təsdiq olunması və s. sənədlər var.

İclasda Vergi, Mülki, Cinayət və İnzibati Xətalar məcəllələrinə, "Dövlət rüsumu haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Təbii inhisarlar haqqında", "Sahibkarlıq fəaliyyəti haqqında", "Sosial sığorta haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında" və "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanunlara bir sıra əlavələr və dəyişikliklər də olunacaqdır.

Azər
AzNews.az