Mənsum İbrahimov Latviyada konsert verdi

22 Oktyabr 2013 08:19 (UTC+04:00)


Xalq artisti Mənsum İbrahimov Latviyadan səfərdən qayıdıb. Xanəndə Riqada yerləşən musiqi akademiyasının binasında 1 saatlıq konsert proqramı ilə çıxış edib.

AzNews.az xəbər verir ki, konsertdə "Qarabağ" qrupunun musiqiçiləri - Əməkdar Artist, tarzən Elçin Həşimov, Əməkdar Artist, kamança ifaçısı Elnur Əhmədov, Kamran Kərimov və Coşqun Sadıqov müşaiyət ediblər. Səfər zamanı onlar Latviyanın prezidenti Andris Berzinşlə də görüşüblər. Prezident Berzinş konsertə tamaşa edənlərin arasında olub:

"Konsertdə ölkə prezidenti, Latviya seyminin deputatları, dövlət və hökumət nümayəndələri, bir çox hörmətli qonaqlar bu konsertdə iştirak edirdilər. Biz sonluğu təbii ki, yenə də "Qarabağ Şikəstəsi" ilə bitirdik və məni ən çox təsirləndirən Latviya prezidentinin bu ifaya reaksiyası oldu. Azərbaycan tərəfindən ölkəmizin Latviyadakı səfiri Elman Zeynalov da çıxış etdi. Milli Konservatoriyanın Rektoru, Professor Siyavuş Kəriminin, Diaspora Komitəsinin adından çıxış edən İlham Məmmədovun da adlarını vurğulamalıyam".

Bahar Rüstəmli
AzNews.az