İqtisadi İnkişaf Nazirliyinin səlahiyyəti azaldıldı

22 Oktyabr 2013 11:20 (UTC+04:00)
Bu gün parlamentdə "Təbii inhisarlar haqqında" Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi də müzakirə edilib.

İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, qanuna dəyişiklik Vergilər Məcəlləsinə edilən dəyişikliklə bağlıdır. Qanunda qeyd edilir ki, təbii inhisarlar müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.

Deputat Arif Əşrəfov deyib ki, indiyə qədər təbii inhisarların siyahısını İqtisadi İnkişaf Nazirliyi müəyyən edirdi: "Bundan sonra müvafiq icra hakimiyyəti orqanı deyəndə hansı qurum nəzərdə tutulur?"

Z.Səmədzadə deyib ki, bununla bağlı müvafiq qurumlarla müzakirə aparılıb. Prezidentin sərəncamında bu məsələ Nazirlər Kabinetinə həvalə edilib. Yəqin ki, qanun qəbul ediləndərn sonra bu məsələyə yenidən baxıla bilər.

Oqtay Əsədov isə deyib ki, Nazirlər Kabineti deyəndə elə İqtisadi İnkişaf Nazirliyi də nəzərdə tutulur: "Bəyəm İqtisadi İnkişaf Nazirliyi Nazirlər Kabinetindən ayrı qurumdur?"

Məsələ səsə qoyularaq qəbul edilib.(teleqraf.com)

AzNews.az