Mikayıl Cabbarov lənkəranlılara müraciət etdi

22 Oktyabr 2013 11:36 (UTC+04:00)
Təhsil naziri Mikayıl Cabbarov rəsmi facebook səhifəsində lənkəranlılara müraciət edib.

Müraciətdə deyilir: "Lənkərana gəlişim və bu bölgədə insanlarla görüşüm artıq üçüncü dəfədir ki, məndən asılı olmayan səbəblərə görə təxirə düşüb.

Bu görüşlə əlaqədar oktyabrın 18-i axşam saat 12 radələrində Lənkərana gəldim. Qəbula yazılanlarla görüşməyi, qayğıları ilə tanış olmağı, onları narahat edən məsələlərə köməklik göstərməyi səbirsizliklə gözləyirdim. Lakin bu görüş xoş bir xəbərə görə baş tutmadı və Lənkərandan oktyabrın 19-u səhər saat 5-də Bakıya qayıtmalı oldum.

Lənkərandakı qəbula 151 nəfər yazılmışdı və onların müraciətləri hələ Bakıda olarkən Təhsil Nazirliyinin işçi qrupu arasında müzakirə olunmuşdu. Lənkəran səfərim artıq bir neçə dəfə baş tutmadığından bu dəfəki görüşün təxirə düşməməsi üçün müavinim Ceyhun Bayramovdan həmin missiyanı üzərinə götürməyi xahiş etdim. Təhsil Nazirliyinin bölgəyə ezam olunmuş nümayəndələri qəbul prosesində vətəndaşların müraciətlərini dinləmiş və əksər məsələlər yerindəcə həllini tapmışdır.

Təhsil Nazirliyi əməkdaşlarının sizinlə görüşməsinə və müraciətlərinizi dinləməsinə baxmayaraq, çoxsaylı təhsil müəssisələrinin fəaliyyət göstərdiyi Lənkəran və bu bölgə üzrə vətəndaşlarla görüşəcəyimə ümid edirəm. Mən sizlərlə görüşmək və qayğılarınızla tanış olmaq istəyirəm. Yaxın gələcəkdə bunun reallaşmasına ümid edirəm.

Lənkəranda tezliklə görüşənədək...

AzNews.az