Terror aktında yaralanan azərbaycanlı danışdı

22 Oktyabr 2013 12:40 (UTC+04:00)
Oktyabrın 21-də Rusiyanın Volqoqrad şəhərində sərnişin avtobusunda törədilmiş partlayış nəticəsində yaralanan azərbaycanlı Nail Əliyev özünü yaxşı hiss edir. N. Əliyev APA-ya açıqlamasında hadisə zamanı beyin silkələnməsi aldığını və qaşının yarıldığını deyib.

O, terrorçunun partlayışı törətdiyi yerdən bir az kənarda, avtobusun orta qapısına yaxın yerdə dayanıbmış: "Mən Politexnik Kollecində oxuyuram. Həmin gün avtobusla evə qayıdırdım. Birdən güclü partlayış səsi eşitdim, qulaqlarım cingildədi. Yerə çöməldim, qulaqlarımı əllərimlə bağladım. Daha sonra qışqırıqlar eşitdim, hamı avtobusdan düşüb qaçmağa başladı. Mən də qaçdım".

N. Əliyev rentgen müayinəsindən keçirildiyini, nəticələrin sabah məlum olacağını və yaxın günlərdə xəstəxanadan evə buraxılacağını bildirib. Artıq valideynləri və Azərbaycan diasporunun nümayəndələri ona baş çəkiblər.

Xatırladaq ki, Volqoqradda "LiAZ" markalı sərnişin avtobusunda kamikadze qadın tərəfindən törədilən terror nəticəsində 6 nəfər ölüb, 28 nəfər yaralanıb. Yaralıların içərisində 1997-ci il təvəllüdlü azərbaycanlı, Rusiya vətəndaşı Nail Əliyev də olub.

AzNews.az