İlham Əliyev Yaponiya səfirini qəbul etdi

22 Oktyabr 2013 14:41 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Səfir Şusuke Vatanabi Azərbaycandakı diplomatik fəaliyyətindən məmnunluğunu ifadə edib. O, ölkəmizdə çalışdığı dövrdə Azərbaycan ilə yaxından tanış olduğunu və ölkəmizdən xoş təəssüratla ayrıldığını deyib. Şusuke Vatanabi son illər Azərbaycanda çox böyük iqtisadi inkişaf proseslərinin şahidi olduğunu vurğulayıb. Yaponiyalı diplomat ölkəmizdə milli adət-ənənələrin qorunması istiqamətində görülən işləri də yüksək dəyərləndirib.

Dövlət başçısı Azərbaycan ilə Yaponiya arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə səfir Şusuke Vatanabiyə təşəkkür edib. Azərbaycan ilə Yaponiya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev Yaponiya şirkətlərinin ölkəmizdəki uzunmüddətli fəaliyyətinin önəmini qeyd edib. Dövlət başçısı Yaponiyanın müxtəlif şirkətlərinin yeni layihələrlə bağlı ölkəmizlə fəal əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev Azərbaycan ilə Yaponiya arasında əməkdaşlığın gələcəkdə də genişləndiriləcəyinə əminliyini ifadə edib.

AzNews.az