Milli Şuranın statusu noyabrda bəlli olacaq

23 Oktyabr 2013 08:14 (UTC+04:00)
Arif Hacılı: "Lalə Şövkətin Milli Şurada olmasını arzu edənlər, onun getməsindən də narahat ola bilər"


"Demokratik Qüvvələrin Milli Şurasının gələcək taleyi və statusu ilə bağlı strateji qərarlar gələn ay verilə bilər".

Bunu AzNews.az-a açıqlamasında Milli Şuranın üzvü, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. O deyib ki, Milli Şuranın statusu haqda indidən danışmaq hələ tezdir. Çünki seçki prosesi tam başa çatmayıb: "Yəqin ki, yaxın həftələrdə həm siyasi partiyalar, eyni zamanda digər siyasi qüvvələr arasında müəyyən məsləhətləşmələr gedəcək, müzakirələr aparılacaq və buna uyğun olaraq strateji qərarlar qəbul olunacaq".

Arif Hacılı Milli Şuranı tərk edən ALP lideri Lalə Şövkət və ACP-nin keçmiş lideri Rəsul Quliyevin bu addımlarına da münasibətini açıqlayıb: "Adətən müxtəlif siyasi təşkilatların və xadimlərin seçkidən əvvəlki ilə sonrakı davranışları arasında fərqlər olur. Hesab edirəm ki, Azərbaycanda da seçkidən əvvəlki əhval-ruhiyyə ilə sonrakı ab-havanın fərqlənməsi təbiidir".

Onun sözlərinə görə, L. Şövkət və R. Quliyevin istefasının Milli Şurada hər hansı problem yaradıb-yaratmayacağını da indidən demək olmaz: "Lalə Şövkətin Milli Şurada olmasını çox arzu edənlər də var idi. Onlar bunu zəruri hesab edirdilər. Yəqin ki, bu hadisə onları narahat edə bilər".

A.Hacılı sabah Milli Şurasının toplantısının keçiriləcəyini və burada bir çox suallara aydınlıq gətiriləcəyini də qeyd edib. O əlavə edib ki, Milli Şuranın bu yığıncağında strateji məsələlərin müzakirəsi olunması nəzərdə tutulmur.

Ramil
AzNews.az