Parisdə Seyid Yəhya Bakuviyə həsr edilən beynəlxalq simpozium- Fotolar

23 Oktyabr 2013 08:31 (UTC+04:00)

Parisdə UNESCO-nin mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr edilən beynəlxalq simpozium keçirilib.

Dövlət Komitəsinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, simpoziumda Seyid Yəhya Bakuvi və onun banisi olduğu Xəlvətiyyə təriqəti, onların dünyada tolerantlıq və qarşlıqlı hörmətin möhkəmlənməsinə verdiyi töhfə barədə məruzələrlə çıxış ediblər. Simpoziumda İngiltərə, Fransa, Türkiyə, Əlcəzair, Azərbaycan və başqa ölkələrdən dəvət edilmiş tədqiqatçı alimlər, həmçinin UNESCO nəzdinə diplomatik nümayəndəliklərin təmsilçiləri, mədəniyyət xadimləri iştirakı reallaşıb.

Simpozium DQİDK tərəfindən hazırlanmış və Azərbaycanda dinlərarası xoşgörü tarixindən, multikulturalizm və mədəniyyətlərarası dialoqun möhkmləndirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüslərindən bəhs edən "Tolerantlığın ötəsi" adlı sənədli filmin nümayişi ilə başlayıb. Simpoziumu giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov Seyid Yəhya irsinin və təsəvvüf yolunun Azərbaycanda milli kimliyin əsasında duran dini tolerantlığın formalaşmasında xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib və bildirib ki, ölkəmizdə uzun əsrlər boyu formalaşmış tolerantlıq ənənələri bu gün Azərbaycan dövləti tərəfindən təşviq edilir.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi cənab Nasser Abdulaziz Al-Nasser UNESCO tərəfindən 2013-cü ilin Seyid Yəhya Bakuvi ili kimi qeyd edilməsini əlamətdar hadisə adlandırıb və qeyd edib ki, onun irsi insanlar və mədəniyyətlər arasında fərqlilikləri birləşdirmək üçün salınan körpüdür. O bildirib ki, bu il Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Forumu zamanı o bir daha Azərbaycanın mədəniyyətlərarası dialoq və dini tolerantlıq sahəsində dərin ənənələrə malik olduğunu, bu ənənələrin qorunması istiqamətində Azərbaycan dövlətinin davamlı fəaliyyətinin şahidi olub. UNESCO MD Platformunun başçısı Katerina Stenu bildirib ki, Azərbaycanda dini dözümlülük sadəcə sözdə deyil. Azərbaycan xalqının öz tarixi boyu mədəniyyətlər və dinlər arasındakı qarşılıqlı rəğbətin ən gözəl nümunəsini yarada bilib. Simpoziumda Seyid Yəhya Bakuvi və onun banisi olduğu Xəlvətiyyə təriqəti, onların dünyada tolerantlıq və qarşılıqlı hörmətin möhkəmlənməsinə verdiyi töhfə barədə məruzələr dinlənilib. Günün sonunda simpoziumun iştirakçıları dünya şöhrətli fotoqraf Reza Deqatinin "Azərbaycan – tolerantlıq məkanı"adlı UNESCO da keçirilən foto sərgisində iştirak ediblər.

AzNews.az