Yeni kənd təsərrüfatı naziri kimdir?- Tərcümeyi-hal

23 Oktyabr 2013 08:35 (UTC+04:00)
Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında verdiyi sərəncama görə, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsinə Heydər Xanış oğlu Əsədov təyin olunub.


İsmət Dursun oğlu Abasov isə Azərbaycan Respublikası baş nazirinin müavini təyin edilib.

Bəs onu əvəz edən Heydər Xanış oğlu Əsədov kimdir?

Heydər Xanış oğlu Əsədov iqtisadçıdır. Bundan əvvəl Azərbaycan Respublikası Hesablama Palatasının sədri olub. 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeninin kavaleridir (2011).

O, 1959-cu il oktyabr ayının 24-də Ermənistan SSR-in Qarakilsə rayonunda anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.

1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışıb. 1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləmiş, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.

1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub.

1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Maliyyə nazirinin müavini təyin edilib, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası Maliyyə nazirinin müavini vəzifələrində işləyib.

17 aprel 2007-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Hesablama Palatasının sədri vəzifəsinə təyin edilib. 22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib.

3 monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir.
Ailəlidir. Üç övladı var.

AzNews.az